Aralıq dənizinin dibində 1300 sirli dairə aşkarlandı - Alimlər mənşəyini izah edə bilmir

DÜNYA
11:14 / 13.11.2026
33

Aralıq dənizinin Korsika sahilləri yaxınlığında 1300-dən çox, demək olar ki, mükəmməl dairəvi quruluş aşkar edilib. Alimlər bu qeyri-adi strukturların necə yarandığını hələ də dəqiq müəyyənləşdirə bilməyiblər.

HİT.az xəbər verir ki, ilk dəfə 2011-ci ildə dəniz dibinin tədqiqi zamanı qeydə alınan dairələr bir neçə kvadratkilometrlik ərazini əhatə edir. Onlar dəniz səviyyəsindən 105-125 metr dərinlikdə yerləşir.

Tədqiqatçılar əvvəlcə bu strukturlardan yalnız bir neçə onunu aşkar edə biliblər. Sonrakı araşdırmalar isə onların sayının 1300-dən çox olduğunu üzə çıxarıb.

Dalğıcların apardığı müşahidələr zamanı məlum olub ki, hər dairənin mərkəzində qırmızı əhəngli yosunlardan ibarət günbəz yerləşir. Onun ətrafında açıq rəngli çöküntü sahəsi, daha kənarda isə rodolit adlanan kiçik əhəngdaşı strukturlarından ibarət halqa var.

Beləliklə, bunların sadəcə dəniz dibindəki çökəkliklər deyil, müxtəlif canlılar üçün yaşayış mühiti yaradan mürəkkəb bioloji strukturlar olduğu müəyyənləşib. Ərazidə süngərlər, mərcanlar, onurğasızlar və müxtəlif balıq növləri yaşayır.

İki fərqli mənşə versiyası

Alimlərin irəli sürdüyü əsas ehtimallardan biri bu dairələrin təxminən 21 min il əvvəl baş vermiş sonuncu buzlaşma dövrü ilə əlaqəli olmasıdır. Həmin vaxt Aralıq dənizinin səviyyəsi indikindən xeyli aşağı olub. Buna görə də hazırda 100 metrdən çox dərinlikdə yerləşən ərazilər o dövrdə günəş işığının çata bildiyi daha dayaz sahələr olub.

Bu şərait qırmızı əhəngli yosunların inkişafı üçün əlverişli mühit yaradıb. İqlim istiləşdikcə və buzlaqlar əridikcə dənizin səviyyəsi yüksəlib, yosun koloniyaları isə suyun daha dərin qatlarında qalıb.

2020-ci ildə aparılan ekspedisiya zamanı strukturların mərkəzindən nümunələr götürülüb. Radiokarbon analizləri tədqiq edilən ən qədim materialın təxminən 21 min il əvvələ aid olduğunu göstərib.

Başqa bir ehtimala görə, dəniz səviyyəsi sabitləşdikdən sonra qədim strukturların qalıqları və rodolitlər mərkəzi hissələrin ətrafında toplanaraq dairəvi halqalar yaradıb. Lakin bu mexanizm hələ sübuta yetirilməyib.

2024-cü ildə tədqiqatçılar Mark Verlac və Şarl-Fransua Buduresk isə fərqli versiya irəli sürüblər. Onların fikrincə, dairələrin bir qismi İkinci Dünya müharibəsi zamanı yaranmış ola bilər.

Alimlər ehtimal edirlər ki, 1943-1945-ci illərdə Avropada döyüş tapşırıqlarından qayıdan ABŞ hərbi təyyarələri istifadə olunmamış bombaları Korsika yaxınlığındakı dənizə atıblar. Həmin partlayışların baş verdiyi yerlərdə zamanla dəniz canlıları məskunlaşaraq indiki strukturları formalaşdırmış ola bilər.

Bu nəzəriyyə də hələ təsdiqini tapmayıb.

Alimlər ərazinin qorunmasını istəyir

Mənşəyindən asılı olmayaraq, araşdırmalar bu ərazinin zəngin və həssas dəniz ekosistemi olduğunu üzə çıxarıb. Burada nadir mərcanlar və müxtəlif onurğasız canlılar yaşayır.

Tədqiqatçıların fikrincə, əsas təhlükələrdən biri gəmiçilikdir. Böyük gəmilərin lövbərləri minilliklər ərzində formalaşmış ola biləcək kövrək əhəngdaşı strukturlarına ciddi zərər vura bilər.

Dairələrin bir hissəsi artıq Kap-Kors və Aqriate dəniz təbiət parkının ərazisinə daxildir. Alimlər isə bu qeyri-adi sualtı ekosistemin qorunması üçün mühafizə tədbirlərinin digər sahələrə də şamil edilməsini vacib hesab edirlər.

Samir

0