Boşanmaların sayı niyə artır və problem necə həll olunmalıdır?

SOSİAL
15:14 / 20.11.2023
862

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33 836 nikah və 14 544 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əhalinin hər 1000 nəfərinə görə nikahların sayı 6-dan 5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.

Rəsmi statistika da göstərir ki, ölkədə ailə institutu anlayışı gün keçdikcə dağılmağa doğru gedir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında vurğulayıb ki, evində dinclik tapmayan şəxs isə ən asan olan yolu, problemlərdən qaçmağı seçir. Heç kəs problemi həll etmək üçün qarşılıqlı söhbət etmir, yaxud terapiya keçmək istəmir. Nəticə etibarilə boşanan insanların sayı gündən-günə artır, çoxalır: 

338215

"İşsizlik, maddi sıxıntılar səbəbindən insanlar arasında gərginlik halları daha da yüksəlib və dözümləri olduqca azalıb. Maddiyyatın səbəb olduğu problemlər də münasibətlərin qırılmasına gətirib çıxarır. Regionlarda sırf valideynlərin təkidi ilə erkən yaşda qurulan ailələrdə boşanma halları daha çox olur. Belə ailələrdə fiziki və cinsi zorakılığa məruz qalma halları da müşahidə edilir. Belə cütlüklər çox hallarda normal təhsil almadıqlarından onların işlə təminatında problemlər yaranır. Buna görə də həmin cütlüklər maliyyə baxımından valideynlərdən asılı olur və gənc ailə olaraq, özləri müstəqil qərar verə bilmirlər”.

Ekspertin sözlərinə görə, traf-mühit, sosial gərginlik ailə münasibətlərinə təsir göstərir. Bundan əlavə, tələblərin yüksək olması, kişinin nüfuzunu aşağı salmağa cəhd, bərabərliyi fərqli formada görənlər, daha çox idarəetmə, tabe etdirmək hissi ilə həyata keçirmək də ailələrin dağılmasına gətirib çıxarır:

“Həmçinin, ailələrə neqativ müdaxilələr də olur, ətrafın rəyləri, insanların öz həyatları ilə bağlı müstəqil qərar verə bilməmələri burada rol oynayır. Seksual münasibətlərdəki problemlər, seksual tərbiyənin düzgün olmaması da boşanmalara gətirib çıxarır”.

F.Hacıbəyli hesab edir ki, şüurlu ailə qurma prosesi olana kimi bü cür davam edəcək: 

"Kiminsə acığına ailə qurmaq prinsipinə son qoyulmasa boşanmaların sayı daha da artacaq: “Gələcəkdə normal cütlük görəndə heyrət edəcəyik”.

Sevinc

0