ABŞ-İran gərginliyi: Sülh, yoxsa müharibə?

DÜNYA
12:15 / 10.06.2026
137

Ötən gecə həftələr sonra ABŞ İrana zərbələr endirdi.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında vurulan helikopterə qarşılıq olaraq əməliyyata başlamaq əmrini verdiyini açıqladı. İran da öz növbəsində bölgədəki ABŞ bazalarına zərbələr endirdi. Qarşılıqlı zərbələr bir neçə saat davam etdikdən sonra dayandı. 

Maraqlıdır ki, Tramp daha əvvəlki açıqlamasında bu həftə İranla razılaşma əldə oluna biləcəyini demişdi. Lakin daha sonra həm İsrail, həm də ABŞ İrana zərbələr endirdi. Bu gün isə yenidən əməliyyata rəğmən ABŞ ilə İran arasında anlaşma ola biləcəyi ilə bağlı bəyanatlar verildi.

Bəs uzun müddət sonra başlayan əməliyyatların ardından həqiqətən ABŞ ilə İran arasında hansısa razılaşma əldə oluna bilər, yoxsa anlaşma ehtimalı gündəmdən çıxdı?

Politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında bildirib ki, danışıqlar yekunlaşmayana və tərəflər arasında razılşama əldə edilməyənə qədər bu cür insidentlərin, qarşılıqlı zərbələrin olması təbiidir:


“İstənilən münaqişəyə baxdıqda atəşkəs dövründə dəfələrlə hərbi vasitələrdən istifadə olunduğunu görə bilərik. ABŞ və İran arasında hər hansı razılaşmanın reallığa çevrilməsi üçün isə ilk növbədə qarşılıqlı etibarın bərpası və kompleks regional məsələlərin həlli vacibdir.

Şübhəsiz ki, həm ABŞ, həm də İsrail tərəfindən İrana qarşı zərbələrin endirilməsi və ya İranın İsrail və ABŞ hərbi bazalarına zərbələri onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib. Belə ki, bu hərbi əməliyyatlar təkcə İrana deyil, həm də regionda sabitliyi qorumağa çalışan tərəflərə ciddi siqnallar göndərir”.

Ekspert qeyd edib ki, ABŞ və İsrail İrana qarşı mövqelərini sərtləşdirməklə diplomatik razılaşma üçün zamanın daraldığı mesajını verməyə çalışırlar: 
“ABŞ demək istəyir ki, Tehran üçün də bu addımlar danışıqlar masasına daha sərt şərtlərlə oturmaq məcburiyyətini doğura bilər. Lakin bütün bunlara və qarşılıqlı zərbələrə baxmayaraq ABŞ və İran arasında razılaşma perspektivi hələ tam olaraq gündəmdən çıxmayıb.

Razılaşma isə yalnız hər iki tərəfin nüvə proqramı, regional təsir və sanksiyalar məsələsində kompromisə getməsi nəticəsində mümkündür. Hazırkı şəraitdə hərbi əməliyyatlar və qarşılıqlı təzyiqlər isə etimadın bərpasını ləngidir və bu da razılaşma imkanlarını çətinləşdirir”.

Politoloqun sözlərinə görə, ABŞ və İran arasında hər hansı razılaşma ehtimalı hələ də mövcuddur:
“Düşünürəm ki, yeni zərbələri tətikləyən səbəb, yəni İsrailin Livan istiqamətində hücumları dayanarsa o zaman diplomatik prossesi davam etdirmək mümkün olacaq”.

Pərviz

0