Həddindən artıq qısqanclığın ŞOK SƏBƏBLƏRİ

SAĞLAMLIQ
12:30 / 05.06.2026
117

“Qısqanclıq çox mürəkkəb bir emosiyadır”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, qısqanclığın kökündə əsasən bağlanma, təhlükəsizlik, qorxu, özgüvənsizlik və nəzarət hissi durur:


“İnsan sevdiyinə emosional olaraq bağlandıqda, beyin onu artıq sadəcə biri kimi yox, emosional təhlükəsizlik mənbəyi kimi qəbul etməyə başlayır. Yəni bir növ o insanı itirmək ehtimalı beyində təhlükə kimi görünür. Əslində, qısqanclıq beyindəki müdafiə mexanizmidir. Ancaq nə qədər müdafiə mexanizmi olsa da, sağlam şəkildə yaşanmırsa söz-söhbətlərə gətirib çıxarır”.

Ekspert qeyd edib ki, sağlam münasibətdə həddindən artıq dərəcədə qısqanclıq olmur:
“Balanslı olan münasibətdə qarşı tərəf bunu anlayır. Bir-birlərilə danışaraq istənilən məsələni həll edirlər və qısqanclığın səbəbinə anlayış gətirirlər. Lakin sağlam olmayan münasibətdə nə qədər çox sevgi olarsa, bir o qədər nəzarət hissində olan qısqanclıq yaranır. Bu da istər-istəməz getdikcə vəziyyəti daha da dərinləşir. Sonda tərəflər arasında daha böyük davalara, söz-söhbətlərə və sevginin azalmasına səbəb olur”.

Həmsöhbətimizin sözlərinə görə, bəzən qısqanclığı sevgi ilə səhv salırlar:
“Bəzən həddindən artıq dərəcədə qısqanclığı sevgi ilə qarışdırırlar. Halbuki heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, həddindən artıq qısqanmaq sevgiyə aid deyil. Dəlicəsinə qısqanclığın da kökündə yatan səbəblər olur. Bu, uşaqlıq və ya yeniyetməlik zamanı yaşanılan travmalarla bağlı ola bilir. Həmçinin, keçmişdə yaşanılan xəyanət və ya sevgisizlik kimi mənfi təcrübələr də buna gətirib çıxarır.

Bir çox hallarda isə şübhə qısqanclığa səbəb olur. Məsələn, münasibət zamanında qarşımızdakı insan anidən yaxşı bir sevgi göstərib sonra sevgini azaltdığı anda artıq bizdə şübhələr yaranır. Şübhə hissi yaşadığımız üçün qorxular başlayır və bu isə qısqanclığı daha da artırır”.

Nabat Mirzəyeva diqqətə çatdırıb ki, uşaqlıqda yetərincə sevilməyən, tərkedilmə qorxusu yaşayan, emosional olaraq özünü təhlükəsiz hiss etməyən insanlar böyüdükdə münasibətlərdə daha həssas və qısqanc ola bilirlər:
“Çünki beyin yaxınlığı bir növü təhlükəsiz yox, itirilə bilən bir şey kimi görür. Yəni münasibətdə olduğu şəxsin birdən onu tərk edəcəyindən qorxur. Nəzərə almaq lazımdır ki, qısqanclıq zamanı beyində “dofamin” və “kortizol” sistemi aktivləşir.

İnsan sevdiyi şəxsdən diqqət və sevgi aldıqda “dofamin” artır, amma həmin diqqəti itirmək qorxusu yarandıqda stress hormonu olan “kortizol” yüksəlir. Qısqanclıq həm bağlılıqdır, həm də stres hissini eyni anda yaşatdırandır. Bəzi cütlüklərdə isə həddindən artıq dərəcədə olan qısqanclıq bir müddət sonra emosional asılılığa çevrilir”.

Mütəxəssis söyləyib ki, bəzi şəxslər isə münasibətdə olduqları insanı sadəcə sevdiyi biri kimi yox, öz emosional sabitliyin mənbəyi kimi görməyə başlayırlar:
“Yəni ən kiçik məsafə ya diqqətin azalması beyində onu tərk edəcəyinə dair təhlükə siqnalı yaradır. Ancaq bu durum bir müddət sonra münasibətə zərər verməyə başlayır. Çünki davamlı şübhə, nəzarət və qorxu münasibətdə emosional yorğunluq yaradır, bu isə hər iki tərəfi yormağa başlayır. 

Ona görə münasibətlərin içərisində mütləq dərəcədə bir-birini anlamaq, dinləmək, danışmaq və qısqanclığın səbəbi nə olduğunu bilmək lazımdır. Əgər bu səbəbsiz şəkildə olan qısqanclıqdırsa, mütləq mütəxəssisə müraciət olunmalıdır. Unutmayın ki, sevgi qısqanclıqdan deyil, anlayışdan, dəyərdən, diqqətdən və hörmətdən ibarətdir”.

Pərviz

0