“Son günlər həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də beynəlxalq vasitəçilər tərəfindən Rusiya ilə danışıqların intensivləşdirilməsi istiqamətində səyləri müşahidə edirik”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Zelenskinin Rusiya ilə mütəmadi olaraq atəşkəs və birbaşa görüş təklifləri verməsi Ukraynanın müharibənin siyasi-diplomatik həll variantlarını da gündəmdə saxlamaq istədiyini göstərir:
“Bütün bunlarla yanaşı, hər iki ölkə arasındakı münaqişənin tam başa çatması yalnız Kiyev və Moskvanın istəyindən deyil, həm də tərəflərin strateji məqsədlərindən və beynəlxalq güclərin mövqeyindən asılıdır. Zənnimcə, 2026-cı il ərzində müharibənin tam və hüquqi baxımdan yekun sülh sazişi ilə başa çatması ehtimalı mövcud olsa da, bu, hələ də yüksək ehtimallı ssenari deyil”.
Ekspert qeyd edir ki, hazırkı mərhələdə daha real görünən variant müəyyən cəbhələrdə atəşkəsin əldə olunması, humanitar məsələlər üzrə razılaşmaların genişlənməsi və danışıqlar prosesinin institusional xarakter almasıdır:
“Ərazi məsələləri, təhlükəsizlik təminatları və sanksiyalar kimi əsas problemlər isə tərəflər arasında ciddi fikir ayrılığı yaratmaqda davam edir. Lakin yenə də gedişata nəzər salanda görmək olur ki, Vladimir Putin ilə Volodimir Zelenski arasında birbaşa görüş ehtimalı əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər artıb.
Belə görüşün baş tutması üçün əvvəlcədən diplomatik hazırlıq işlərinin aparılması və konkret nəticə əldə etmək perspektivinin formalaşması vacibdir. Kreml indiyədək liderlər səviyyəsində görüşün yalnız müəyyən razılaşmalar hazır olduqdan sonra mümkün olduğunu vurğulayıb”.
T. Qulami hesab edir ki, yaxın aylarda Rusiya-Ukrayna danışıqlarının baş tuta biləcəyi ehtimalları və müəyyən atəşkəs mexanizmlərinin müzakirəyə çıxarılması mümkün görünür:
“Xüsusilə də bölgədə və dünyada gedən proseslərin, Rusiyanın Ermənistanda uduzması fonunda bu ehtimal artır. Rusiya hal-hazırda təklənmiş və çətin durumdadır. Zelenski də bunu bilir. Lakin 2026-cı ildə müharibənin rəsmən və tam şəkildə başa çatacağını qəti şəkildə proqnozlaşdırmaq hələ tezdir.
Daha real ssenari münaqişənin aktiv fazasının zəifləməsi, siyasi dialoqun genişlənməsi və Putin-Zelenski görüşünün baş tutması üçün zəminin formalaşmasıdır. Bununla belə, yekun sülh sazişinə gedən yolun hələ də kifayət qədər mürəkkəb və uzun olduğunu düşünürəm”.
Elmir Mustafa



