Alış-veriş zamanı bəzi hallarda vitrində və ya məhsulun üzərində göstərilən qiymətlə kassada hesablanan məbləğ arasında uyğunsuzluq yaranır.
Bu problem müxtəlif ticarət obyektlərində rast gəlinən hallardan biridir və alıcıların narazılığına səbəb olur. Belə ki, vitrində 1,39 yazılan məhsul kassada 1,59 ola bilir. Bəzi məhsullarda isə bu fərq bir qədər də böyüyür. Bəzi mağazalarda isə kartla ödəniş zamanı hesabın üzərinə əlavə 1-2 qəpik də yazılır.
Adətən müştəri qiymət fərqinə etiraz etdikdə, mağaza əməkdaşları bunu sistemdə yaranmış texniki nasazlıq, qiymətlərin vaxtında yenilənməməsi və ya insan səhvi ilə izah edirlər. Lakin belə açıqlamalar hər zaman alıcıları qane etmir. Bəzi hallarda məsələ müştərinin xeyrinə həll olunsa da, tez-tez kassadakı qiymətin əsas götürüldüyü bildirilir və alıcıya həmin məbləği ödəməli olduğu izah edilir.
Maraqlıdır, belə vəziyyətlərdə qanunvericilik hansı tərəfin mövqeyini dəstəkləyir? Qiymət uyğunsuzluğu aşkar edildikdə alıcı məhsulu etiketdə göstərilən məbləğlə, yoxsa kassada çıxan qiymətlə əldə etməlidir?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, vitrin qiyməti ilə kassa qiyməti arasında fərqlərin müşahidə olunması artıq 12 ildən çoxdur geniş yayılıb:

“Ölkənin satış şəbəkələrində müasir texnologiyalar tətbiq olunduqca, sanki bu proseslərin arxasında istehlakçıları aldatmağa yönəlmiş halların da sayı artır. Son illər süni qiymət artımı və istehlakçının aldadılması ilə bağlı şikayətlər geniş yayılıb. Müraciətlərin müxtəlif formaları mövcuddur. Məsələn, mağazalarda göyərti və meyvə satışı ayrı-ayrı bölmələrdə həyata keçirilir. Bəzi hallarda vətəndaş 0,86 manatlıq məhsul aldığını düşünür, lakin kassada badımcanın qiyməti ekzotik meyvələr səviyyəsində - 36 manat kimi hesablanır. Eləcə də, qabıqlı qoz alan müştəriyə kassada ləpə qiyməti tətbiq olunur”.
Ekspert qeyd edib ki, adətən belə hallarda istehlakçı irad bildirdikdə, bu vəziyyət “yaddan çıxıb” və ya “endirim qiyməti səhv düşüb” kimi izah edilir:
“Bu kimi hallarda istehlakçılara tövsiyə olunur ki, çekləri və qiymət etiketlərini diqqətlə yoxlasınlar, uyğunsuzluq olduqda isə həm çekin, həm də məhsulun qiymət etiketinin şəklini çəkərək şikayət etsinlər. Daha sonra vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Bu quruma edilən müraciətlər əsasında monitorinqlər aparıla bilər. Təəssüf ki, bu cür şikayətlərə müraciət halları hələ də azdır”.
Həmsöhbətimizin sözlərinə görə, bəzi hallarda kartla ödəniş zamanı da oxşar problemlər yaranır:
“Vətəndaş almadığı məhsulun dəyəri də hesabına əlavə oluna bilər. Bu səbəbdən istehlakçılara kartla ödəniş zamanı da diqqətli olmaları, ödənişdən sonra çekə və hesabdan çıxan məbləğə nəzarət etmələri tövsiyə olunur. Bütün bu problemlərin əsas səbəbi ölkədə istehlakçı hüquqlarının qorunması mexanizminin kifayət qədər effektiv olmamasıdır”.
Günel Cəlilova

