Tanımadıqları şəxslərlə onlayn ünsiyyət yeniyetmələrin psixoloji vəziyyətinə mənfi təsir göstərir

SOSİAL
22:17 / 05.11.2026
36

Yeniyetmələrin internetdə tanış olduqları şəxslərlə mütəmadi yazışması onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Bunun əksinə, real həyatda tanıdıqları dostları ilə ünsiyyət və qrup söhbətləri psixoloji vəziyyətin yaxşılaşmasına kömək edir.

HİT.az xəbər verir ki, bu nəticəyə İsveçin Stokholm Universitetinin tədqiqatçıları gəlib. Araşdırmanın nəticələri “Child and Adolescent Mental Health” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində İsveçdə yaşayan 3034 nəfər 15 yaşlı yeniyetmənin cavabları təhlil edilib. Məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə keçirilən beynəlxalq məktəblilərin sağlamlığı sorğusunun 2017-2018 və 2021-2022-ci illəri əhatə edən nəticələrindən götürülüb. Beləliklə, alimlər pandemiyadan əvvəlki və sonrakı dövrləri də müqayisə etmək imkanı əldə ediblər.

Sorğuda iştirak edən yeniyetmələr yaxın dostları, böyük dost qrupları və yalnız internet vasitəsilə tanıdıqları şəxslərlə nə qədər tez-tez yazışdıqlarını bildiriblər. Eyni zamanda, özlərinin psixoloji vəziyyətini də qiymətləndiriblər.

Nəticələr göstərib ki, real həyatda tanıdıqları insanlarla daha intensiv ünsiyyət quran yeniyetmələrin psixoloji vəziyyəti daha yaxşı olub. İnternetdə tanış olduqları şəxslərlə müntəzəm yazışanlarda isə əks tendensiya müşahidə edilib. Bu mənfi əlaqə xüsusilə qızlarda və ailələrinin maddi vəziyyətini zəif hesab edən yeniyetmələrdə daha qabarıq olub.

Araşdırmanın müəlliflərindən biri, Stokholm Universitetinin ictimai səhiyyə kafedrasının dosenti Vivian Ştraatmann bildirib ki, yeniyetmələrin internetdə keçirdiyi vaxtla yanaşı, kiminlə ünsiyyət qurduqları da nəzərə alınmalıdır.

Tədqiqatçıların fikrincə, rəqəmsal ünsiyyətin yeniyetmələrə təsirini qiymətləndirərkən sosial münasibətlərin xarakterini də nəzərə almaq vacibdir. Bu səbəbdən internet və sosial şəbəkələrin uşaqların psixoloji sağlamlığına təsiri yalnız ekran qarşısında keçirilən vaxtla ölçülməməlidir.

Samir

0