Məktəbəqədər təhsil sahəsində YENİLİK

TƏHSİL
13:19 / 22.06.2026
208

Azərbaycanda məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq edilir. 

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qeyd edək ki, sənəd məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması məqsədi daşıyır.

Fərmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına təmin edilir. 

Fərmanın əhəmiyyəti haqqında Hit.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, həmin sənəddən irəli gələn tədbirlər çərçivəsində dövlət məktəbəqədər təhsil müəssisələrində yer çatışmazlığı səbəbindən qəbul edilə bilməyən uşaqların özəl bağçalarda təhsil almasına dəstək göstərilir:

402404
“Belə ki, uşağın özəl bağçada təhsil alması halında təhsil haqqının müəyyən hissəsi dövlət büdcəsi hesabına qarşılanır. Bu da valideynlərin maddi yükünü azaldaraq onların övladlarını məktəbəqədər təhsilə cəlb etməsinə əlavə imkan yaradır. Nəticədə təhsilin əlçatanlığı daha da artır”.

Ekspert qeyd edib ki, artıq bir müddətdir ki, bu istiqamətdə qəbul prosesi həyata keçirilir:

“Son qərarlarla proqramın əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Həm paytaxtda, həm də regionlarda dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni imkanlar formalaşdırılır. Əsas məqsəd məktəbəqədər yaşlı uşaqların təhsil prosesindən kənarda qalmamasını təmin etməkdir. 

İndiyədək bəzi hallarda uşaqların məktəbəqədər təhsildən yayınması müşahidə olunurdu ki, bunun da başlıca səbəblərindən biri maliyyə çətinlikləri idi. Hesab edilir ki, qəbul edilən qərarlar valideynləri övladlarını, hətta özəl bağçalarda olsa belə, məktəbəqədər təhsilə cəlb etməyə daha çox təşviq edəcək”.

Günel Cəlilova

0