Bir çox insanlar üçün səhər qəhvə ilə başlayır və qara qəhvə ilə espresso arasında seçim artıq zövq və vərdiş məsələsinə çevrilib. Lakin bu iki içkidən hansının daha faydalı olduğu, daha çox kofein və antioksidant ehtiva etdiyi həmişə müzakirə mövzusu olub.
Qeyd olunur ki, hər iki içki eyni qəhvə dənələrindən hazırlanır, lakin hazırlanma üsulu onların tərkibinə birbaşa təsir edir. Həmçinin vacib məqam içkinin hansı miqdarda qəbul edilməsidir.
Hit.az xəbər verir ki, bu barədə “VeryWell Health” yazır.
Müqayisə zamanı məlum olur ki, həcmə görə espresso adətən daha çox kofein və antioksidant ehtiva edir. Lakin bu, aldadıcı ola bilər, çünki insanlar espressoyu çox kiçik porsiyalarda, qara qəhvəni isə daha böyük həcmdə içirlər.
Espressonun antioksidant aktivliyinin bir porsiya üzrə daha yüksək olduğu bildirilir. O, bəzi araşdırmalara görə, digər qəhvə növlərinə nisbətən iki dəfə daha çox polifenol ehtiva edə bilər.
Tədqiqatlar göstərir ki, espresso tərkibindəki antioksidantlar sərbəst radikalları daha effektiv neytrallaşdıra bilir. Bununla belə, 30 ml espresso ilə 240 ml qara qəhvə müqayisə edildikdə, ümumi miqdar baxımından qara qəhvə daha çox kofein və antioksidant verir.
Qəhvədə əsas antioksidantlar
Antioksidantlar hüceyrələri zərərli molekullardan – sərbəst radikallardan qoruyan birləşmələrdir. Qəhvədə əsas antioksidant qruplarına polifenollar daxildir.
Xlorogen turşusu qəhvədə ən çox rast gəlinən polifenollardan biridir və hüceyrələrin qorunmasına, həmçinin iltihabın azalmasına kömək edə bilər. O, şəkər və xolesterin mübadiləsinə də müsbət təsir göstərə bilər.
Qidalanma dəyərinə görə fərqlər
Qara qəhvə (240 ml porsiya):
– Kalori: 1-dən az
– Kofein: təxminən 96 mq
– Polifenollar: 20–40 mq (30 ml üçün hesablanmış orta göstərici)
Espresso (30 ml porsiya):
– Kalori: təxminən 2,5
– Kofein: təxminən 63 mq
– Polifenollar: 60–90 mq
Qara qəhvə isti su ilə üyüdülmüş qəhvə dənələrinin dəmlənməsi ilə hazırlanır və adətən böyük həcmdə içilir. Espresso isə yüksək təzyiq altında qaynar suyun incə üyüdülmüş qəhvə dənələrindən keçirilməsi ilə hazırlanır və daha konsentrat içki hesab olunur.
Mütəxəssislər bildirirlər ki, gündəlik kofein qəbulunun təhlükəsiz həddi əksər böyüklər üçün təxminən 400 mq-dır. Hamiləlik dövründə isə bu göstərici 200 mq-dan çox olmamalıdır.
Nəticə olaraq, hansı içkinin “daha sağlam” olması əsasən onun necə və nə qədər içilməsindən asılıdır. Kiçik espresso porsiyası daha konsentratdır, lakin böyük fincan qara qəhvə ümumilikdə daha çox maddə ehtiva edə bilər.
Mütəxəssislər həmçinin qəhvə hazırlanma üsulu, qovurma dərəcəsi və hətta süd və ya şəkər əlavə edilməsinin də içkinin qida dəyərini dəyişdirdiyini qeyd edirlər.
Samir


