Bu gün tarixin vərəqlərində 22 iyundayıq.
Hit.az bildirir ki, bu gün bir sıra mühüm hadisələrlə yadda qalıb.
İstər ölkəmizdə, istərsə xaricdə çox sayda görkəmli şəxs 22 iyunda doğulub. Həmçinin, bu tarixdə vəfat edən görkəmli şəxslərin sayı da kifayət qədərdir. Bu gün onların hər birini xatırlayacağıq. Beləliklə, tarixin 22 iyununa nəzər salırıq...
22 iyunda baş verənlər:
1633-cü ildə Romadakı Müqəddəs Ofis Qalileo Qalileyi qızğın mübahisələrdən sonra kainatın mərkəzinin Yer deyil, günəşin olması fikrini rədd etməyə məcbur edib. 1941-ci ildə İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyx Barbarossa əməliyyatı nəticəsində Sovet İttifaqını işğal edib. 1945-ci ildə İkinci Dünya müharibəsi zamanı Okinava döyüşü bitib. 1980-ci ildə Qərbi Almaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb.
22 iyunda doğulanlar:
1897-ci ildə Xalq artisti, müğənni Bülbül, 1908-ci ildə polkovnik Rəşid Məcidov, 1916-cı ildə Əməkdar artist, vokalçı-aktrisası Sona Mustafayeva, 1922-ci ildə kinorejissor Rüfət Şabanov, 1931-ci ildə Aşıq Hacı Göyçəli, 1955-ci ildə rəssam Vaqif Ucatay və 1976-cı ildə Əməkdar artist Cabir İmanov dünyaya gəlib.
Dünyada 1837-ci ildə amerikalı şahmatçı Pol Morfi, 1864-cü ildə alman riyaziyyatçı German Minkovski, 1898-ci ildə alman yazıçı Erix Mariya Remark, 1932-ci ildə hindistanlı aktyor Amriş Puri, 1947-ci ildə rus aktrisa Natalya Varley və 1949-cu ildə amerikalı aktrisa Meril Strip doğulub.
22 iyunda vəfat edənlər:
1965-ci ildə aktyor Ağadadaş Qurbanov, 1978-ci ildə Xalq artisti, aktyor İsmayıl Osmanlı, 1987-ci ildə Azərbaycanın ilk professor fitopatoloqu Firuddin Babayev və 1994-cü ildə Xalq şairi Xəlil Rza Ulutürk vəfat edib.
Həmçinin, 1691-cı ildə Osmanlı sultanı II Süleyman, 1969-cu ildə amerikalı aktrisa Cudi Qarlend və 2015-ci ildə amerikalı bəstəkar Ceyms Horner dünyasını dəyişib.
Pərviz


