Azərbaycan - Türkmənistan münasibətləri: "Yüksələn xətt üzrə inkişaf edir"

SİYASƏT
11:45 / 22.06.2026
341

"Qardaş Türkmənistan dövlətinin Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri Xəzər regionunda formalaşan yeni əməkdaşlıq reallıqlarının göstəricisidir".

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, son illər Bakı ilə Aşqabad arasında müşahidə olunan yaxınlaşma iki qardaş ölkə münasibətlərinin ənənəvi dostluq çərçivəsindən çıxararaq daha geniş strateji müstəviyə daşımağa nail olduğunu göstərir:


"Azərbaycan və Türkmənistan bu gün Avrasiya məkanında mühüm geoiqtisadi oyunçular kimi çıxış edirlər. Hər iki dövlət Şərqlə Qərb arasında artan yükdaşımaların yaratdığı imkanlardan maksimum yararlanmağa çalışır.

Bu baxımdan nəqliyyat-kommunikasiya layihələri, xüsusilə də Xəzər üzərindən keçən beynəlxalq marşrutlar ölkələri bir-birinə daha da yaxınlaşdırır. Təsadüfi deyil ki, son illərdə qarşılıqlı yük dövriyyəsində və logistika əməkdaşlığında ciddi artım müşahidə olunur".

Millət vəkili qeyd edib ki, münasibətlərin mühüm istiqamətlərindən biri də enerji sektorudur:
"Azərbaycan və Türkmənistanın enerji sahəsində qarşılıqlı anlaşması regionun enerji xəritəsinə yeni məzmun qazandırıb. Vaxtilə mübahisə predmeti olan məsələlərin qarşılıqlı hörmət və siyasi iradə nəticəsində əməkdaşlıq platformasına çevrilməsi iki ölkənin münasibətlərinin yetkinlik səviyyəsini nümayiş etdirir".

Elnarə Akimova vurğulayıb ki, diqqətçəkən məqamlardan biri də Bakı və Aşqabad arasındakı əlaqələrin yalnız iqtisadi maraqlarla məhdudlaşmadığıdır:
"Humanitar, mədəni və təhsil sahələrində əməkdaşlıq da davamlı şəkildə genişlənir. Ortaq tarixi köklər və mənəvi bağlılıq dövlətlərarası münasibətlərin daha möhkəm təməl üzərində qurulmasına şərait yaradır.

Berdiməhəmmədovun Bakı səfəri bir daha təsdiqləyir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər artıq regionun gələcəyinə təsir göstərən mühüm amillərdən birinə çevrilib və qarşıdakı illərdə əməkdaşlığın daha geniş sahələri əhatə edəcəyi gözlənilir".

Elmir Mustafa 

0