Ayın yaranması ilə bağlı yeni versiya: Cəmi bir neçə saata formalaşa bilərmiş

DÜNYA
15:30 / 27.09.2026
44

Alimlərin yeni kompüter modelləşdirməsi Ayın yaranması ilə bağlı mövcud təsəvvürləri dəyişə bilər. Hesablamalara görə, Yer kürəsinin Teya adlı Mars böyüklüyündə səma cismi ilə toqquşmasından sonra Ayın formalaşması yüzlərlə il deyil, cəmi bir neçə saat çəkmiş ola bilər.

HİT.az xəbər verir ki, Ayın təxminən 4,5 milyard il əvvəl baş vermiş nəhəng toqquşma nəticəsində yarandığı düşünülür. Tədqiqatçılar əvvəlki modellərdə Yer və Teyanı əsasən maye cisimlər kimi nəzərdən keçirirdilər. Yeni araşdırma isə səma cisimlərinin mexaniki möhkəmliyinin və temperaturunun prosesə ciddi təsir göstərə biləcəyini ortaya qoyub.

Tədqiqatın rəhbəri Adin Denton bildirib ki, modelləşdirmə zamanı bu amilin Ayın formalaşmasında böyük əhəmiyyət daşıdığı məlum olub. Xüsusilə Teyanın toqquşma zamanı hansı temperaturda olması nəticəyə təsir göstərib.

Ənənəvi ssenaridə toqquşmadan sonra Yer ətrafında toz və qaya parçalarından ibarət disk yaranıb və Ay həmin materialın tədricən birləşməsi nəticəsində yüzlərlə il ərzində formalaşıb. Bu modeldə Teyanın temperaturu təxminən 127 dərəcə Selsi olub.

Lakin digər simulyasiyada Teyanın çox isti və əsasən bərk vəziyyətdə olduğu nəzərə alınıb. Onun səth temperaturunun təxminən 1730 dərəcə Selsi olduğu ssenaridə Ayın cəmi bir neçə saat ərzində formalaşa biləcəyi müəyyənləşdirilib. Bu halda səth ərimiş vəziyyətdə olsa da, yüksək təzyiq səbəbindən daha dərin qatların bərk qalması mümkün olub.

Yeni hesablamalar Teyanın taleyi ilə bağlı da fərziyyələrə işıq sala bilər. Tədqiqatçılar hesab edirlər ki, qədim planetin mantiyasının böyük hissəsi Ayın yaranmasında iştirak edib, nüvəsi və mantiyasının qalan hissəsi isə Yerlə birləşib. Bu səbəbdən Teyanın bəzi qalıqlarının Yer mantiyasının dərinliklərində bu günə qədər qalması ehtimal olunur.

Samir
 

0