Yuxunun ən faydalı hissəsinin mütləq gecəyarısına qədər olduğu fikri doğru deyil.
HİT.az xəbər verir ki, həkim-somnoloq Maksim Novikovun sözlərinə görə, saat 00:00 yuxu üçün “sehrli sərhəd” sayılmır. Daha vacib amillər yuxunun müddəti, rejimin sabitliyi və insanın fərdi bioloji xüsusiyyətləridir.
Mütəxəssis bildirib ki, orqanizmdə oyanıqlıq və istirahət proseslərini tənzimləyən daxili bioloji saat mövcuddur. Buna görə də gecənin 3-4-də yatıb günorta saatlarında oyanmaq kifayət qədər yuxu alınsa belə, bəzi insanlarda ümumi vəziyyətə və istirahətin keyfiyyətinə mənfi təsir göstərə bilər.
Somnoloqun fikrincə, “mütləq gecəyarısına qədər yatmaq lazımdır” qaydasını hər kəs üçün eyni şəkildə tətbiq etmək düzgün deyil. İnsanların xronotipləri fərqlənir: bəziləri səhər saatlarında daha məhsuldar olduğu halda, digərləri axşam saatlarında daha aktiv olur.
Mütəxəssis əsas problemin çox vaxt gec yatmaqdan deyil, xroniki yuxu çatışmazlığından qaynaqlandığını vurğulayıb. Davamlı olaraq az yatmaq, yuxu rejimini tez-tez dəyişmək və həftəsonu uzun müddət yataraq yorğunluğu kompensasiya etməyə çalışmaq diqqət və sinir sisteminə mənfi təsir göstərə bilər.
Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün sabit rejim yaratmaq, axşam saatlarında parlaq işığı azaltmaq və yatmazdan əvvəl ağır fəaliyyətlərdən uzaq durmaq tövsiyə olunur.
Beləliklə, sağlam yuxu üçün əsas məsələ saatın 12-dən əvvəl və ya sonra olması deyil. Əsas şərtlər kifayət qədər yatmaq, rejimi mümkün qədər sabit saxlamaq və səhərlər insanın özünü dincəlmiş hiss etməsidir.
Samir


