Marketoloq saxta endirimi üzə çıxaran əsas ifadələri açıqladı

MARAQLI
16:24 / 27.09.2026
47

“Yalnız bu gün”, “sonuncu məhsul”, “70%-dək endirim” – bu ifadələr çox vaxt endirimin real olmadığını, süni şəkildə yaradıldığını göstərir. 

HİT.az xəbər verir ki, həqiqi endirimi marketinq üsulundan necə fərqləndirmək və geri sayım taymerlərinə niyə inanmamaq lazım olduğunu marketoloq Vlad Fişer gazeta.ru-ya açıqlayıb.

Ekspertin sözlərinə görə, real məhdudiyyət həmişə konkret və yoxlanıla bilən olur: tarix, məhsul sayı və ya malların siyahısı göstərilir. Saxta məhdudiyyət isə qeyri-müəyyən ifadələrlə təqdim olunur: “məhdud”, “sonuncu”, “tələsin”.

Fişer iki ifadəni müqayisə edib: “Qiymət 15 avqusta qədər qüvvədədir”, “Bu qiymətə 20 ədəd qalıb” – real məhdudiyyət nümunələridir. “Məhdud təklif”, “Almağa tələsin” isə saxta məhdudiyyətlərdir.

“Birinci halda satıcı yoxlanıla bilən öhdəlik götürür. İkinci halda isə heç nə vəd etmir”, deyə Fişer izah edib.

Saytda “3 ədəd qalıb” yazılan sayğac isə çox vaxt real anbar qalığı ilə əlaqəli olmur. Bunu cəmi 10 saniyəyə yoxlamaq mümkündür: səhifəni yeniləmək kifayətdir. Əgər ardıcıl olaraq bütün məhsullarda eyni rəqəm göstərilirsə, bu, mövcudluq barədə məlumat deyil, sadəcə diqqət cəlb etmək üçün istifadə olunan vasitədir.

“Yalnız bu gün” və “Endirimin son günü” ifadələrini yoxlamaq isə daha asandır: sayta növbəti gün yenidən daxil olmaq lazımdır. Əgər reklam həftələrlə yayımlanırsa, bu, qanun pozuntusu hesab olunur.

Geri sayım taymeri də çox vaxt saxta olur. Səhifəni yeniləmək kifayətdir. Əgər taymer yenidən başlanırsa, deməli, real vaxt hesablaması aparmır. Digər üsul isə taymerin sıfıra çatmasını gözləməkdir. Bundan sonra yeni geri sayım başlayır, qiymət isə dəyişmirsə, məhdudiyyətin süni olduğu aydınlaşır.

“70%-dək endirim” ifadəsi də geniş yayılmış marketinq üsuludur. Burada əsas söz “dək”dir. 70%-lik endirim cəmi bir-iki məhsula tətbiq oluna bilər. Əsas məhsul çeşidində isə endirim 10-15% təşkil edir.

“Xüsusi qiymət” ifadəsi də saxta endirimin göstəricilərindən biridir. Bu qiymətin hansı qiymətlə müqayisədə xüsusi olduğu açıqlanmır. Adi qiymət göstərilmir. Həqiqi endirim zamanı isə hər iki rəqəm qeyd olunur.

Üzərindən xətt çəkilmiş “istehsalçının tövsiyə etdiyi qiymət” də şübhə doğura bilər. Bu, istehsalçının qiymət siyahısında göstərilən və pərakəndə satışda faktiki olaraq heç kimin tətbiq etmədiyi qiymət ola bilər.

“Anbarın ləğvi” ifadəsini də təqvim vasitəsilə yoxlamaq mümkündür. Əgər bu yazı üç aydır mağazanın üzərində asılıbsa, söhbət real ləğvetmə kampaniyasından getmir.

“Ətraflı məlumat satıcıdan” ifadəsi isə aksiyanın şərtlərinin gizlədildiyini göstərə bilər. Əgər şərtləri məhsulu almadan əvvəl oxumaq mümkün deyilsə, belə bir kampaniyanın real endirim kimi qəbul edilməsi çətindir.

“Qiymət yalnız indi sifariş verdikdə qüvvədədir” ifadəsinin məqsədi alıcıya düşünmək üçün vaxt verməməkdir. Həqiqi qiymət bir gün ərzində düşünməkdən sonra dəyişməməlidir.

Həqiqi məhdudiyyət isə fərqli görünür: tarix, məhsul sayı, məhsulların siyahısı və məhdudiyyətin səbəbi göstərilir. Şərtləri tam şəkildə oxumaq mümkündür.

“Vəd nə qədər konkretdirsə, bir o qədər etibarlıdır. Qeyri-müəyyən təcililik isə tələsməyə ehtiyac olmadığının əlamətidir”, – deyə Vlad Fişer fikrini yekunlaşdırıb.

Samir
 

0