“Bəzən münasibət daxilində artıq çoxdan bir qərara gəlmiş oluruq”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
“İçimizdə deyirik ki, “Mən artıq bu münasibətdə xoşbəxt deyiləm”, “Bu insanla gələcəyimi təsəvvür etmirəm”, “Dəyişən heç nə yoxdur”. Hətta bəzən emosional olaraq həmin insandan uzaqlaşdığımızı da hiss edirik. Bütün bunlara baxmayaraq, münasibəti bitirmirik. Maraqlıdır ki, insan bəzən ağlı ilə münasibəti bitirir, amma emosional olaraq hələ də həmin münasibətin içində qalır”.
Ekspert qeyd edib ki, çmünasibətdən çıxmaq sadəcə “getmək” qərarı deyil:
“Orada bağlılıq, xatirələr, birlikdə qurulan planlar, verilən vədlər, illərlə formalaşmış vərdişlər və ən əsası, “bəlkə”lər var. “Bəlkə dəyişər”, “bəlkə əvvəlki kimi olarıq”, “bəlkə məni nəhayət anlayar”, “bəlkə bu dəfə hər şey düzələr” düşüncəsi insanı uzun müddət münasibətdə saxlaya bilər. Bəzən biz qarşı tərəfin indiki halına yox, onun ola biləcəyi insana bağlanırıq. Yəni real münasibətlə deyil, beynimizdə yaratdığımız gələcəklə yaşayırıq”.
Onun sözlərinə görə, insan münasibətə sərf etdiyi zamanı da itirmək istəmir:
“İllər, xatirələr, çəkilən əziyyətlər, birlikdə yaşanan çətinliklər insanda belə bir düşüncə yarada bilər: “Bu qədər şeydən sonra necə vaz keçim?” Amma bir münasibətə çox zaman sərf etmək, orada daha çox qalmaq məcburiyyətində olduğumuz anlamına gəlmir. Keçmişə verdiyimiz zaman gələcəyimizi də həmin münasibətə verməli olduğumuz anlamına gəlmir.
Bəzən bizi saxlayan sevgi də olmur. Bizi tək qalmaq qorxusu saxlayır. İnsan tanımadığı bir gələcəkdən qorxduğu üçün tanıdığı, amma xoşbəxt olmadığı münasibətə yapışa bilər. Çünki tanış ağrı bəzən naməlum azadlıqdan daha təhlükəsiz görünür. Bəzən də insan “Mən ayrılsam, sonra peşman olaram?” qorxusu yaşayır”.
Ülviyyə Ağazadə vurğulayıb ki, münasibətdə qalmaq qərarı bir seçimdir və onun da nəticələri var:
“Əslində özümüzə verməli olduğumuz sual yalnız “Mən onu sevirəmmi?” deyil. “Bu münasibətdə mən özüm olaraq qala bilirəmmi?”, “Mən burada özümü dəyərli hiss edirəmmi?”, “Bu münasibət mənə daha çox rahatlıq verir, yoxsa daim narahatlıq yaradır?”, “Mən bu münasibətdə bu günə görə qalıram, yoxsa keçmişə və gələcəyə görə?” suallarını da düşünmək lazımdır. Çünki bəzən biz münasibəti deyil, onun xatirəsini qoruyuruq.
Bəzən insan qarşısındakı şəxsi deyil, onunla bağlı ümidlərini buraxa bilmir. Və burada çox vacib bir məqam var: beynin “bitdi” deməsi ilə ürəyin “bitdi” deməsi eyni vaxtda baş verməyə bilər. Ayrılmaq qərarından sonra belə darıxmaq, geri qayıtmaq istəmək, yaxşı xatirələri xatırlamaq tamamilə mümkündür”.
Həmsöhbətimiz söyləyib ki, bu, verdiyiniz qərarın səhv olduğunu avtomatik olaraq göstərmir:
“Sadəcə emosional bağın qırılması üçün zamana ehtiyac olduğunu göstərir. Bəzən insanın etməli olduğu ən çətin şey qarşı tərəfi yox, öz içindəki “bəlkə”ni buraxmaqdır.
Çünki münasibəti bitirmək yalnız bir insandan ayrılmaq deyil, bəzən onunla bağlı qurduğumuz gələcəkdən, gözləntilərdən və “bir gün hər şey yaxşı olacaq” düşüncəsindən də ayrılmaqdır.
Özünüzdən soruşun: “Mən həqiqətən bu münasibəti davam etdirmək istəyirəm, yoxsa sadəcə onu bitirməyə cəsarət etmirəm?” Bu sualın cavabı bəzən münasibət haqqında düşündüyümüzdən daha çox şey deyir”.
Pərviz

