“Uşağımı qoruyuram” deyən valideynlər harada səhv edir?

SOSİAL
15:37 / 14.08.2026
130

Bəzi valideynlər övladlarını hər cür təhlükədən, çətinlikdən və uğursuzluqdan qorumağa çalışırlar. 

Onların əvəzinə qərar vermək, problemlərini həll etmək, daim nəzarətdə saxlamaq ilk baxışdan qayğı və sevgi göstəricisi kimi görünsə də, həddindən artıq qoruyuculuq uşağın müstəqilliyinə və özünəinamına mənfi təsir göstərə bilər. Belə uşaqlar böyüdükcə qərar verməkdə çətinlik çəkə, məsuliyyətdən qaça və ən kiçik uğursuzluq qarşısında belə özlərini aciz hiss edə bilərlər. 

Bəs valideynlər niyə övladlarını bu dərəcədə qorumağa ehtiyac duyurlar və onların yaxşı niyyətlə etdiyi bu davranış uşağın gələcək inkişafına hansı problemləri yarada bilər?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, valideynin övladını qorumaq istəyi çox təbii və başadüşülən davranışdır: 

407259

“Bəzi valideynlər müəyyən yaşdan sonra belə uşağı hələ də daim nəzarət edilməli, səhv etməsinə imkan verilməməli olan biri kimi görürlər. Halbuki uşaq şəxsiyyət kimi məhz kiçik səhvlər, seçimlər və onların nəticələri vasitəsilə formalaşır.

Burada maraqlı məqam odur ki, valideyn bəzən uşağı real təhlükədən çox, öz qorxularından qoruyur. Dünyada pis insanların, təhlükələrin və yanlış seçimlərin olduğunu bilir və övladının bunlarla qarşılaşmasını istəmir. Nəticədə uşağın qarşısına görünməz bir “təhlükəsizlik divarı” çəkir. Lakin həmin divar bir müddət sonra uşağı qoruyan sərhəd olmaqdan çıxıb onun üçün həbsxanaya çevrilə bilər”.

Ekspert qeyd edib ki, bəzi valideynlər isə övladının başına gələcək hadisələrdən daha çox “mənim uşağım səhv edərsə, mən necə görünəcəyəm?” düşüncəsi ilə hərəkət edirlər:

“Uşağın seçiminə müdaxilə etmələrinin arxasında bəzən onun təhlükəsizliyi qədər ailənin reputasiyası, qohumların fikri və cəmiyyətin münasibəti də dayanır. Bu zaman valideyn uşağın həyatını deyil, əslində onun üzərindən öz narahatlığını idarə etməyə başlayır”.

Sosioloqun sözlərinə görə, həddindən artıq qoruyucu valideynin davranışında çox vaxt sevgi ilə qorxunun sərhədi qarışır: 

“Valideyn “sənə nəsə olar” deyə uşağın hər addımına müdaxilə etdikcə, uşaq tədricən belə bir mesaj qəbul edə bilər. Ən paradoksal tərəfi də budur ki, valideyn uşağı həyatın çətinliklərindən qorumaq istəyərkən, bilmədən onu həmin çətinliklərlə mübarizə aparmağa hazırlamaya bilər. Əslində uşağın valideyndən uzaqlaşması həmişə sevgisinin azalması demək deyil. Bəzən uşaq sadəcə nəfəs almaq istəyir. Öz qərarlarını vermək, səhv etmək, səhvindən nəticə çıxarmaq və özünü ayrıca bir şəxs kimi hiss etmək istəyir”.

Həmsöhbərimizin fikrincə, uşaq böyüdükcə valideynin nəzarəti azalmalıdır:

“Lakin bəzi valideynlər uşağın yaşının artmasını fiziki dəyişiklik kimi qəbul edir, psixoloji müstəqilliyinin artmasını isə qəbul etməkdə çətinlik çəkirlər. Valideyn düşünür ki, niyyəti yaxşıdırsa, deməli davranışı da doğrudur. Halbuki uşaq tərbiyəsində təkcə niyyət yox, nəticə də vacibdir. Ən sağlam yanaşma uşağı təhlükələrdən tamamilə təcrid etmək deyil, ona təhlükəni tanımağı öyrətməkdir”. 

Günel Cəlilova

0