“Ölkələr arasında ikitərəfli, üçtərəfli münasibətlər, hərbi sazişlər və siyasi paktlar ola bilər”.
Hit.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz “Kanal Ekspert”-ə açıqlamasında deyib.
O, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə sazişi”nin əhəmiyyətindən danışıb:
“Bir ucu Yaxın Şərqdə, bir ucu Anadolunu, Qafqazı keçərək Türküstan coğrafiyasını da əhatə edəcək şəkildə Asiyada olan üç müsəlman ölkəsinin ittifaq yaratması tarixdə ilkdir. Bu baxımdan, “Məkkə sazişi” strateji əhəmiyyətə malikdir”.
Lakin ekspert bu sazişin “İslam NATO-su” adlandırılmasının doğru olmadığını bildirib:
“Bu sazişi bir “İslam NATO-su” kimi qəbul etmək son dərəcə yanlışdır. Oradakı 5-ci maddə elastikdir, ölkələrin öz maraqları çərçivəsində qiymətləndirdikdən sonra tətbiq edəcəyi bir davranış formasıdır. Bu səbəbdən bu ittifaq “İslam NATO-su” olmadığı kimi, yalnız “Sünni İttifaqı” da deyil. Bizlər onsuz da İslam dünyasını məzhəb fərqi qoymadan bir bütöv kimi dəyərləndiririk”.
General gələcəkdə hansı ölkələrin “Məkkə sazişi”nə qoşula biləcəyindən də söz açıb:
“Əlbəttə, bu ittifaqı özünə təhdid kimi görən və ya bu ittifaqa qoşulub sinerji yaratmaq istəyən ölkələr var. Başda Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri “Məkkə sazişi”nə qoşula bilər. Bəlkə də hazırda özünə təhdid kimi görsə də – Səudiyyə Ərəbistanı-İran münasibətlərinin normallaşmasından asılı olaraq İran da gələəckdə bu ittifaqa qoşula bilər. Yaxın Şərq coğrafiyasından isə İraq və Suriyanın da İran təhdidinin azalması və özlərini təhlükəsizlikdə hiss etdikləri zaman buna qoşula biləcəklərini dəyərləndirirəm”.
Yücel Karauz vurğulayıb ki, bu ittifaq üçüncü ölkəni hədəf almır:
“Bu ittifaq müdafiə və həmrəylik ittifaqıdır. Daxilində siyasəti, iqtisadiyyatı, müdafiə sənayesi, müdafiə sənayesində birgə istehsalı, enerji təhlükəsizliyi və enerji logistikası olan strateji bir təşkilatdır. Bu, NATO-ya da alternativ deyil. Yəni “İslam NATO-su”, “Sünni bloku” kimi sözlər tamamilə bundan özünə zərər gələcəyini iddia edən qrupların ortaya çıxardıqları dezinformasiya fəaliyyətləridir”.
Elmir Mustafa



