Serbiyada yerləşən Vrelo çayı cəmi 365 metr uzunluğunda olmasına baxmayaraq, özünəməxsus təbiət mənzərəsi ilə turistlərin diqqətini çəkir. Çay sonda 14 metr hündürlükdən Drina çayına tökülərək şəlalə əmələ gətirir.
HİT.az xəbər verir ki, bu barədə “N1”ə yazıb.
Vrelo çayı Serbiyanın Peruçats kəndi yaxınlığında, Tara dağının ətəklərində başlayır. O, Tara Milli Parkının ərazisindən keçərək Drina çayına qovuşur. Çayın yerləşdiyi ərazi Serbiya ilə Bosniya və Herseqovina arasında təbii sərhədin bir hissəsidir.
Yerli turizm təşkilatının məlumatına görə, mənbəyindən mənsəbinə qədər cəmi 365 metr məsafə qət edən Vrelo Avropanın ən qısa çaylarından biri hesab olunur. Uzunluğuna görə ona “bir ilin çayı” da deyirlər. Belə ki, çayın hər metri ilin bir gününə uyğunlaşdırılır.
Vrelo dəniz səviyyəsindən 234 metr yüksəklikdə yerləşən karst bulağından qidalanır. Mənbədən saniyədə orta hesabla 330 litr su çıxır. Suyun temperaturu isə ilboyu təxminən 10 dərəcə səviyyəsində qalır. Bu göstərici sutka ərzində təxminən 28,5 milyon litr suyun çaya daxil olması deməkdir.
14 metrlik şəlalə turistlərin diqqətini çəkir
Çayın ən maraqlı hissəsi onun Drinaya töküldüyü ərazidir. Burada su 14 metr hündürlükdən aşağı axaraq təbii şəlalə yaradır. Bu mənzərə Vrelo çayını Serbiyanın Bayina-Başta bölgəsindəki məşhur turizm məkanlarından birinə çevirib. Ərazi şəhərdən təxminən 13 kilometr məsafədə yerləşir.
Vrelo ilə bağlı yerli inanclar da mövcuddur. Rəvayətə görə, evlənməyə hazırlaşan cütlüklər münasibətlərinin uzunömürlü olması üçün çayın sahili boyunca gəzir və əvvəlki gecə yastıqlarının altında saxladıqları qəpiyi suya atırlar. İnanclara əsasən, bu zaman dilənən arzular 365 gün ərzində gerçəkləşir.
Yerli əfsanələrdə çayın övlad sahibi olmaq istəyən cütlüklərə də kömək etdiyi bildirilir. Lakin bu inancların elmi təsdiqi yoxdur.
Samir


