Almaların rəngi yalnız xarici görünüşü ilə deyil, tərkibindəki faydalı maddələrlə də fərqlənir. Diyetoloq Yelena Pryaxina orqanizm üçün maksimum fayda əldə etmək məqsədilə müxtəlif rəngli almalardan istifadə etməyi tövsiyə edib.
HİT.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, almaların yaşıl rəngi xlorofil, sarı və narıncı çalarları karotinoidlər, qırmızı, moruq və bəzi hallarda bənövşəyi rəngləri isə antosianinlər formalaşdırır. Bu piqmentlərin hər biri orqanizm üçün müəyyən faydalı xüsusiyyətlərə malikdir.
Diyetoloq hesab edir ki, qidalanmada bitki mənşəli məhsulların müxtəlifliyinə üstünlük verilməlidir. Bu baxımdan, fərqli rəngli meyvələrin növbəli şəkildə istehlakı orqanizmin daha geniş spektrdə faydalı maddələrlə təmin olunmasına kömək edə bilər.
Pryaxina xüsusilə qırmızı, sarı və yaşıl almaların növbə ilə yeyilməsini məsləhət görüb. Onun fikrincə, bu yanaşma bitki mənşəli faydalı birləşmələrin müxtəlifliyindən yararlanmağa imkan verir.
Mənbədə, həmçinin payızda yığılan almaların hamısının uzun müddət saxlanmağa yararlı olmadığı qeyd olunur. Meyvələrin yaza qədər keyfiyyətini qoruyub saxlaması əsasən sortun xüsusiyyətlərindən asılıdır. Yay, payız və qış almaları yetişmə müddəti ilə yanaşı, sıxlığını, dadını və xarici görünüşünü qoruma qabiliyyətinə görə də fərqlənir.
Samir


