Ailə həyatında ev işlərinin ədalətli bölüşdürülməsi üçün tərəflər konkret tapşırıqlar vermək əvəzinə, hər kəsin məsuliyyət sahələrini müəyyənləşdirməlidir. Psixoloqların fikrincə, bu yanaşma münasibətlərdə mübahisələrin azalmasına və tərəfdaşların üzərinə düşən öhdəlikləri daha müstəqil şəkildə yerinə yetirməsinə kömək edə bilər.
HİT.Az xəbər verir ki, bu barədə Beynəlxalq Neyro Universitetinin təsisçisi və rəhbəri, psixologiya elmləri doktoru Dmitri Yaqudin “RIAMO” nəşrinə danışıb.
Mütəxəssis bildirib ki, kişiyə hər dəfə ayrıca tapşırıq verməkdənsə, ona müəyyən bir sahə üzrə tam məsuliyyət həvalə etmək daha məqsədəuyğundur. Məsələn, “qabları yu” demək əvəzinə, mətbəxlə bağlı işlərin tamamilə onun məsuliyyətində olduğunu razılaşdırmaq olar. Bu halda həmin işlərin necə təşkil ediləcəyinə tərəfdaş özü qərar verir.
Yaqudin qadınlara məişət işlərinin icrasına həddindən artıq nəzarət etməməyi də tövsiyə edib. Onun sözlərinə görə, kişi işi yerinə yetirdikdən sonra nəticəyə mənfi reaksiya göstərilməsi onda müdafiə mövqeyi yarada və gələcəkdə oxşar məsuliyyətlərdən yayınmasına səbəb ola bilər.
Psixoloq vurğulayıb ki, bütün tərəfdaşlar eyni məişət modelinə uyğunlaşa bilməz. İnsanların ev işlərinin bölüşdürülməsi ilə bağlı baxışları münasibətlərin əvvəlindən fərqlənə bilər. Buna görə də qarşı tərəfin vərdişlərini əvvəlcədən öyrənmək və gözləntiləri açıq şəkildə müzakirə etmək vacibdir. Tərəfdaşın sonradan dəyişəcəyinə ümid etməkdənsə, əvvəlcədən ortaq razılığa gəlmək daha düzgün yanaşmadır.
Samir


