Azərbaycan səhiyyəsi niyə beynəlxalq reytinqdə geridə qalır?

SOSİAL
11:11 / 04.11.2026
21

Azərbaycanda son illər səhiyyənin inkişafı istiqamətində müxtəlif dəyişikliklər edilib.

İcbari tibbi sığortanın tətbiqi, xəstəxanaların yenilənməsi və tibbi infrastrukturun gücləndirilməsi bu sahədə atılan addımlardandır. Peşəkar həkim potensialı da ölkənin səhiyyə imkanlarını artıran amillər sırasındadır. Lakin “Numbeo”nun 2026-cı ilin ilk yarısına dair hesabatında Azərbaycanın 101 ölkə arasında 92-ci sırada yer alması diqqət çəkir. Ölkəmizin səhiyyə indeksi 49,02 bal olaraq hesablanıb.

Müqayisə üçün, Türkiyə 71,34 balla 24-cü, Özbəkistan 64,42 balla 49-cu, Rusiya 61,69 balla 60-cı, Qazaxıstan 60,70 balla 61-ci, Ermənistan 59,99 balla 62-ci, Gürcüstan isə 56,46 balla 77-ci yerdədir. Türkiyə bu göstərici ilə Almaniyanı da (25-ci yer) geridə qoyub.

Mövcud mənzərə ölkədə səhiyyə xidmətlərinin keyfiyyəti, əlçatanlığı və idarə olunması ilə bağlı müzakirələri aktuallaşdırır. Bəs həyata keçirilən islahatlara və mövcud tibbi potensiala baxmayaraq, Azərbaycanın beynəlxalq səhiyyə reytinqində geridə qalmasının əsas səbəbləri hansılardır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, səhiyyə sisteminin uğuru yalnız maliyyələşmə və texniki təchizatla müəyyən olunmur:

414688

“Əsas meyarlardan biri də əhalinin tibbi xidmətlərə əlçatanlığı və göstərilən yardımdan razı qalmasıdır. Yüksək səhiyyə büdcəsinə malik ölkələrdə belə tibbi xidmətlərdən yararlana bilməyən insanlar var. Bu isə reytinqlərdə maliyyə imkanlarından əlavə, xidmətin təşkili və keyfiyyətinin də həlledici olduğunu göstərir. Dərman təminatı, mütəxəssislərin hazırlığı, müasir texnologiyalar və tibbi yardımın əlçatanlığı qiymətləndirmədə mühüm yer tutur”.

Həkimin sözlərinə görə, Azərbaycan səhiyyə sahəsində müəyyən infrastruktur və texniki imkanlara malikdir lakin bu potensialın xidmətin təşkilindəki problemlər səbəbindən tam reallaşmır:

“İcbari tibbi sığortanın, təcili tibbi yardımın və digər səhiyyə xidmətlərinin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsi vacibdir. Əsas hədəf mövcud resursları artırmaqla yanaşı, onlardan daha səmərəli istifadə etmək olmalıdır. Tibbi xidmətlərin düzgün təşkili və əhalinin bu xidmətlərdən rahat yararlanması Azərbaycanın səhiyyə göstəricilərinin yaxşılaşmasına imkan verə bilər”.

Sevinc

0