Qışda uşaq otağında havanın rütubəti neçə faiz olmalıdır?

SAĞLAMLIQ
11:42 / 26.11.2026
42

Qış aylarında, xüsusilə istilik sistemlərinin işlədiyi dövrdə uşaq otağında havanın rütubət səviyyəsinə diqqət yetirmək vacibdir. Həkimlər otaqda rütubətin 40-50 faiz arasında saxlanılmasını tövsiyə edirlər.

HİT.az xəbər verir ki, otorinolarinqoloq Olqa Palaçuk bu barədə “İzvestiya” nəşrinə açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, uşaqların burun və boğaz selikli qişası daha həssasdır. Çünki bu sistemlər hələ tam formalaşma mərhələsindədir. Xüsusilə körpələrin burun yolları dar olduğundan quru hava seliyin qatılaşmasına və burunda qabıqların yaranmasına səbəb ola bilər.

Həkim bu səbəbdən körpələrin yaşadığı otaqlarda hava nəmləndiricilərindən istifadə etməyi və rütubət səviyyəsini 40-50 faizdən aşağı salmamağı məsləhət görüb.

Palaçuk bildirib ki, burun tutulması hər zaman otaqdakı mikroiqlimlə əlaqəli olmur. Allergiya zamanı, xüsusilə üç yaşdan yuxarı uşaqlarda mövsümi burun tutulması müşahidə edilə bilər. Ev tozu gənələri də bu problemin səbəblərindən biridir.

Həkimin sözlərinə görə, adenoidlər zamanı isə selik burun-udlaq nahiyəsinin dərinliyində toplanır və çətin xaric olur. Bədən vəziyyəti dəyişdikdə yaranan öskürək də bu problemin əlamətlərindən biri ola bilər.

Nəşrin digər mütəxəssislərinə görə, istilik radiatorları otaqdakı havanın rütubətini 40-60 faizdən 10-30 faizə qədər azalda bilər. Buna görə də qış mövsümündə evin mikroiqliminə nəzarət etmək, kifayət qədər su qəbul etmək və dərinin nəmləndirilməsinə diqqət yetirmək tövsiyə olunur.

Samir

0