Azərbaycanda repetitor yanına getmək artıq bir çox şagird üçün təhsilin ayrılmaz hissəsinə çevrilib.
Məktəbdə keçirilən dərslərlə yanaşı, əlavə hazırlığa ehtiyac duyan şagirdlərin sayı ildən-ilə artır. Valideynlər isə bu seçimi bəzən övladının daha yüksək nəticə göstərməsi, bəzən də məktəb proqramının mənimsənilməsində yaranan çətinliklərlə əsaslandırırlar.
Bəs repetitorluğa bu qədər tələbatın yaranmasının əsas səbəbi nədir? Problem məktəb təhsilinin imkanlarındadır, yoxsa artan rəqabət şagirdləri əlavə hazırlığa yönəldir?
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, əlavə hazırlıq ehtiyacı şagirdin yaşına və qarşısına qoyduğu təhsil məqsədinə uyğun müəyyənləşməlidir:

“Xüsusilə 9–11-ci siniflərdə şagirdin gələcəkdə hansı istiqamət üzrə təhsil alacağı daha aydın olur və məhz bu mərhələdə müəyyən fənlər üzrə əlavə dəstəyə ehtiyac yarana bilər. Repetitorluğun ibtidai siniflərdən etibarən adi təhsil praktikasına çevrilməsi ciddi suallar doğurur”.
Onun fikrincə, uşağın məktəbə başladığı ilk illərdən əlavə müəllim yanına göndərilməsi təhsil sisteminin imkanlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu göstərir:
“Normal halda məktəb tədrisi şagirdin əsas bilik və bacarıqları qazanması üçün kifayət etməlidir. Erkən yaşlarda əlavə hazırlığın uşağın müstəqil öyrənmə vərdişlərinin formalaşmasına mənfi təsir göstərə biləcəyini düşünür. Davamlı şəkildə kənardan nəzarət və izaha öyrəşən şagird zaman keçdikcə problemi özü həll etməkdə çətinlik çəkə bilər. Əsas məqsəd uşağı daim müəllimin köməyinə ehtiyac duyan vəziyyətdə saxlamaq deyil, onda müstəqil düşünmək və öyrənmək bacarığı formalaşdırmaqdır”.
Ekspert qeyd edib ki, şagird hansısa mövzunu mənimsəməkdə çətinlik çəkdikdə müəllim dəstəyi göstərməli, amma əlavə hazırlıq bütün təhsil prosesinin əsas şərtinə çevrilməməlidir:
“Bu baxımdan həm valideynlərin seçimlərinə daha məsuliyyətli yanaşması, həm də məktəblərdə tədrisin keyfiyyətinin artırılması vacibdir. Məktəb şagirdin əsas ehtiyaclarını qarşılayacaq səviyyədə fəaliyyət göstərərsə, repetitorluğun erkən yaşlardan kütləvi xarakter almasının qarşısını almaq mümkün olar”.
Günel Cəlilova


