Ədəbiyyat arxeoloqu - Keçmişi qazarkən gələcəyi qoruyan şəxsiyyət

KÖŞƏ YAZILARI
15:10 / 11.08.2026
78

Salman Mümtazın ədəbi şəxsiyyət, tədqiqatçı kimi yetişməsində ustad şair Mirzə Ələkbər Sabirin böyük rolu olmuşdur.

Salam Mümtaz uşaq olarkən dostu ilə Sabirin bir beytin onun yanına apararaq ondan beytin açmasını soruşurlar, Sabir isə şeiri öz kəndlərindəki qəssab Muştaqa yazdığını bildirir. Və ən əsası isə 17 il sonra onlar Bakıda " İsmayıllıyə " binasında görüşürlər, Sabir Salman Mümtazı özü tanıyır. Bu hadisə onun yaddaşına ömürlük həkk olunur. S. Mümtaz öz əlyazmaların da bildirir ki, o həmin vaxt Bakıya İsmayıl bəy Qutqaşınlının " Rəşid bəy və Səadət xanım" əsərini araşdırıb tapmağa getmişdi . Salman Mümtazın elmi axtarışlarının miqyası onun yalnız hansı mənbələrə müraciət etməsi ilə deyil, əsrlərin yaddaşında səpələnmiş ədəbi irsi necə üzə çıxarması ilə müəyyənləşir.

Onun araşdırmalarının izlərini izlədikcə qarşımıza ayrı-ayrı faktlardan daha böyük bir mənzərə  Azərbaycan ədəbiyyatının zəngin, lakin uzun müddət kölgədə qalmış xəzinəsi çıxır. Bu xəzinənin mühüm qatlarından biri də onun topladığı və tərtib etdiyi əsərlərdə öz əksini tapır. Məsələn : Salman Mümtazın tədqiqatçılıq fəaliyyətində diqqəti cəlb edən mühüm məqamlardan biri də İmadəddin Nəsiminin əlyazma irsinin üzə çıxarılması ilə bağlıdır. Məlumata görə, yaşlı bir şəxs Nəsimiyə aid əlyazmanı süfrəyə bükərək Mümtaza gətirmiş və onu qızıl pul müqabilində satmışdır.

Bununla o, yalnız qiymətli bir əlyazmanın qorunmasına deyil, Nəsimi irsinin gələcək tədqiqatçılar üçün əlçatan olmasına da mühüm töhfə vermişdir. Salman Mümtazın Nəsimi ilə bağlı araşdırmalarının başqa bir mühüm cəhəti isə şairin edamı zamanı nümayiş etdirdiyi qeyri-adi mərdlik və mənəvi dözümlülüyə ilk dəfə xüsusi diqqət yetirməsi idi. Beləliklə, Mümtaz Nəsimini yalnız böyük söz ustası kimi deyil, şəxsiyyətinin faciəli taleyi və son anlarında göstərdiyi şücaətlə birlikdə təqdim edən tədqiqatçılardan biri olmuşdur.

Bundan əlavə olaraq şəxsiyyəti və poetik irsi iyirminci illərdə hələ geniş oxucu kütləsinə məlum olmayan Mirzə Şəfi Vazeh haqqında ilk məlumatı məhz S.Mümtaz vermişdir. Şairin həyatı və yaradıcılığı kimi müşkül, həm də mühüm problemi öyrənməkdə “Qurtuluş” jurnal redaksiyasının xahişi ilə jurnalın 1920-ci il 1-ci nömrəsində dərc etdirdiyi “Mirzə Şəfi” adlı qiymətli məqaləsində S.Mümtaz jurnalın nəşrini alqışlayaraq onun oxucularına  Azərbaycanımızın filosofu mərhum Mirzə Şəfinin hələ gənc ikən məcmuəsinə yazmış olduğu aşiqanə bir qəzəli haqqında məlumat vermişdir.

Ədəbiyyatımızda çox az bilinən qədim Azərbaycan şairi Həbibinin şəxsiyyətini araşdırmaq üçün müxtəlif ölkələrin kitabxanalarını gəzən, divanları, təzkirə və cüngləri araşdıran S.Mümtaz nəhayət, müəyyən etmişdir ki, Həbibi Göyçayın Bərgüşad kəndindəndir. Azərbaycan hökmdarlarından Ağqoyunlu Sultan Yaqub Həbibidəki istedadı görərək onu öz sarayına gətirmişdir. Sultan Yaqubun ölümündən sonra Şah İsmayıl Səfəvi onu məliküş-şüəra təyin etmiş, Həbibiyə Gürzəddin bəy adını da Şah İsmayıl vermişdir. S.Mümtaz Həbibinin məşhur “Gər sənünçün qılmayan çak, ey bütü-nazikbədən” misrası ilə başlayan qəzəlini və Füzulinin ona yazdığı təxmisı də şair haqqında məqalə ilə birlikdə nəşr etdirmişdir.

Bundan başqa, S.Mümtazın dərin tədqiqat nəticəsində meydana çıxarılan və orta əsr Azərbaycan ədəbiyyatında, eləcə də ictimai fikir tariximizdə yeni bir dövrün başlanmasını xəbər verən Nizami irsinin öyrənilməsini əlamətdar hadisə hesab edir, onun yenidən tədqiq olunmasına haqq qazandırırdı. “Kommunist” qəzetində dərc etdirdiyi “Şeyx Nizami” məqaləsində S.Mümtaz göstərirdi ki, bəşəri ideyaların carçısı olan Nizami Azərbaycan hüdudlarını aşaraq Yaxın və Orta Şərq ölkələrində tanınmış, Qərbin bir çox ədəbiyyatşünaslarının diqqətini cəlb etmişdir.S.Mümtazın qızı Şəhla Mümtazzadə “Ədəbiyyat və incəsənət” qəzetindəki (30 noyabr 1974-cü il) “Xatirə”sində yazır: “Yaxşı yadımdadır. İkinci sinifdə oxuyurdum. Sevincək atamın iş otağına girib qiymət cədvəlini ona göstərirdim. O, çox məşğul idi. Çoxlu qovluq yazı masasının yanına üst-üstə yığılmışdı. O, qovluqları mənə göstərib dedi ki, qızım, bax bunlar Nizami babanın əsərləridir. Bunları kitab halında buraxacaqsan, sən də oxuyacaqsan.”

S. Mümtaz “Maarif və mədəniyyət” məcmuəsində dərc etdirdiyi “Azərbaycan şairləri” silsiləsində milli poeziyanın inkişafında mühüm rol oynamış Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Xətaini “beşguşəli ulduz”un parlaq guşələri kimi səciyyələndirərək onları “şeir bahadırları” adlandırmışdır. S. Mümtazın yaradıcılığında ədəbiyyatşünaslıqla tarixşünaslıq üzvi şəkildə əlaqələnir. O, araşdırmalarında yalnız ədəbi faktları deyil, həmin faktların tariximəxəzi əsaslarını da nəzərə almışdır. “Şah Xətai” məqaləsində Xətainin həyatı və ədəbi fəaliyyəti ilə yanaşı, “Nəsihətnamə” və “Dəhnamə” əsərləri haqqında da məlumat vermişdir.

Tədqiqatçının elmi yeniliklərindən biri də Həsənoğlu və Yunis İmrənin müasiri olmuş Molla Qasım Şirvaninin yaradıcılığını Azərbaycan ədəbi-elmi mühitinə təqdim etməsidir. S. Mümtaz qədim bəyaz və cünglərdən şairin iki təcnisini və bir şeirini aşkara çıxararaq “El şairləri”nin müxtəlif cildlərində nəşr etdirmiş, “Molla Qasım və Yunis İmrə” məqaləsində isə Yunis İmrənin Molla Qasım Şirvaninin “Məqəbirdən güzər etdim” mətləli şeirinə nəzirə yazdığını qeyd etmişdir. Salman Mümtaz M.Füzulinin vəfatının 400 illiyi münasibəti ilə “Kommunist” qəzetində (18 may 1925-ci il) dərc etdirdiyi “Könüllər fatehi” məqaləsində böyük şairi nəinki Azərbaycanda, hətta bütün Şərqdə qəzəl ədəbiyyatının ən böyük ustadı saymışdır.

O göstərirdi ki, qəzəl ədəbiyyatını Füzulisiz düşünmək çətindir, çünki bu ədəbiyyat özünün ən yüksək poetik ifadəsini Füzuli yaradıcılığında tapmışdır. Buna görədir ki, Füzulidən sonra yaranan qəzəl ədəbiyyatında Füzuli ruhu hakim olmuş, bu ədəbiyyat uzun müddət ona nəzirəçilik etmişdir. Bu məqalədə S.Mümtaz Füzulinin yüksək düha və zəkası, istedadı barədə söhbət açaraq böyük şairi dünyanın ən məşhur ədəbi simaları ilə yanaşı tutur: “Qəribə sirdir ki, qocaman təbiətin mürşidi-əzəmi, piri-möhtəşəmi nədənsə öz övladını başdan-başa müsavi olaraq bir ondazədə, bir ölçüdə təltı̇f etmiş, o ancaq sevibbəyəndiklərinə, xoşladığı simalara iltifat göstərərək onları başuca edir... "

Təbiətin piri-rövşənzəmiri öz lətif əli ilə gahdan-bir uzaqda əski yunan ölkəsində Omirusi, İran məmləkətində Firdovsi-ni, Fransada Molyeri, İngiltərədə Şekspiri, Türküstanda Nəvaini, Azərbaycanda Füzulini, böyük şair ünvanı-cəlili ilə təltı̇f edir. Və Cəfər Cabbarlı ilə yaxın dost olan S.Mümtaz ədibin vəfatı münasibəti ilə yazdığı “Ölməyən şair” məqaləsində bu böyük itkini belə xatırladır: “Ölü var bir rayonu, bir qəzanı, ölü var bir şəhəri, bir məmləkəti yandırır. Cəfərin ölümü isə bütün şüəralar ölkəsini matəmə batırmışdır. Əlim titrəyə-titrəyə bu sətirləri qaralarkən inana bilmirəm ki, Cəfər ölmüşdür. Əqidəmcə, Cəfər ölməmiş və ölməyəcəkdir... və əbədi yaşayacaqdır” (“Ədəbiyyat qəzeti”, 2 yanvar 1935-ci il).

Salman Mümtazın Lev Tolstoyla görüşü də onun həyatının maraqlı epizodlarından biridir. Rusiya səfəri zamanı Tolstoyun yaşadığı ünvana gedən Mümtazı qapıçı qarşılayaraq kimə ehtiyacı olduğunu soruşur. Bu zaman Tolstoyun özü qapıya çıxması ilə görüş baş tutur. Məlumata görə, Mümtaz üç gün Tolstoyun qonağı olmuş və bu müddət ərzində onunla ədəbi söhbətlər aparmışdır. Və M.Qorki ilə də, xüsusi görüşləri olmuşdur. Lakin Salman Mümtazın elmi axtarışlarla, ədəbi irsin qorunması və milli yaddaşın bərpası ilə keçən ömrü repressiya illərində faciəli şəkildə yarımçıq qoyuldu.

1937-ci ildə həbs edilərək evindən aparılan tədqiqatçının zəngin kitabxanası da taleyin amansız hökmündən kənarda qalmadı. Onun evindəki iki maşın həcmində kitabın məhv edilməsi, əslində, yalnız bir şəxsin şəxsi kitabxanasının deyil, milli yaddaşın mühüm bir hissəsinin itirilməsi idi. Həbsindən 40 gün sonra qızı ilə görüşündə onun dişlərinin belə töküldüyünü görməsi repressiyanın amansızlığını bütün çılpaqlığı ilə göstərirdi. 

Həsrət Bəhramoğlu
"Sözün Sehri" verilişinin aparıcısı, filoloq

0