Serbiya Monteneqrodan sonra Rusiya vətəndaşları üçün vizasız giriş rejimini ləğv edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “MK.ru” yerli KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, məsələ Serbiyanın Avropa İttifaqına üzvlük danışıqları çərçivəsində hökumətdə fəal müzakirə olunur. Diplomatik dairələrdəki mənbələr Rusiya vətəndaşları üçün vizasız rejimin 2027-ci ildə ləğv edilə biləcəyini istisna etmirlər.
Serbiyanın Avropaya inteqrasiya naziri Nemanya Staroviç Serbiya Radio və Televiziyasının efirində bildirib ki, Belqrad 2027-ci ilin sonunadək Şengen zonasına qoşulmaq üçün tələb olunan şərtləri yerinə yetirmək niyyətindədir.
Onun sözlərinə görə, ölkə hakimiyyəti artıq xüsusi işçi qrupu yaradıb və zəruri islahatların həyata keçirilməsi üzrə planı təsdiqləyib.
Serbiya 2012-ci ildən Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusuna malikdir. Ölkənin Aİ-yə üzvlüklə bağlı danışıqları 2014-cü ildən davam edir.
Bundan əvvəl Monteneqro 1 noyabr 2026-cı ildən Rusiya vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarını açıqlayıb. Mövcud qaydalara əsasən, Rusiya vətəndaşları 31 oktyabr 2026-cı ilədək Monteneqroya vizasız daxil ola və etibarlı səyahət sənədi ilə ölkə ərazisində 30 günədək qala bilərlər. Noyabrın 1-dən etibarən isə Monteneqroya daxil olmaq üçün viza tələb olunacaq.
Samir


