Son illər süni intellekt texnologiyalarının sürətlə inkişafı əmək bazarında ciddi dəyişikliklər yaradıb. Beynəlxalq hesabatlarda yaxın illərdə bir sıra peşələrin avtomatlaşdırılacağı, bəzi ixtisasların aktuallığını itirəcəyi, eyni zamanda yeni peşələrin yaranacağı qeyd olunur. Bu dəyişikliklər fonunda universitetə hazırlaşan abituriyentlər üçün düzgün ixtisas seçimi əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.
Bəs süni intellekt yaxın 10 ildə hansı peşələrə daha çox təsir göstərəcək?
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, süni intellekt yaxın 10 ildə əmək bazarını köklü şəkildə dəyişəcək və bir sıra ənənəvi peşələrin əhəmiyyətini azaldacaq. Onun sözlərinə görə, bu, artıq təkcə proqnoz deyil, beynəlxalq ekspertlərin və rəqəmsallaşma üzrə mütəxəssislərin ortaq qənaətidir. Əmək bazarında baş verən transformasiya abituriyentlərin ixtisas seçimi strategiyasına da ciddi təsir göstərəcək.
"Süni intellekt ilk növbədə təkrarlanan, qaydalara əsaslanan və məlumatların emalı ilə bağlı işləri avtomatlaşdırır. Bu baxımdan müştəri xidmətləri, operator fəaliyyəti, məlumatların daxil edilməsi və ilkin analizi, mühasibatlıq, kargüzarlıq, eləcə də proqramlaşdırmanın sadə səviyyəsi ilə məşğul olan mütəxəssislər daha çox risk altındadır. Artıq sadə kodların yazılması, səhvlərin aşkarlanması, hesabatların, fakturaların və müxtəlif sənədlərin hazırlanması süni intellekt sistemləri tərəfindən uğurla həyata keçirilir.
Gənclər ixtisas seçərkən gələcək əmək bazarını nəzərə almalı, süni intellektlə rəqabət aparmağa deyil, ondan səmərəli istifadə etməyə çalışmalıdırlar. Abituriyentlər seçdikləri sahədə süni intellekt alətlərinin necə tətbiq olunduğunu araşdırmalı və həmin alətləri idarə edən mütəxəssis olmağı qarşılarına məqsəd qoymalıdırlar".
Onun qənaətincə, gələcəkdə peşman olmamaq üçün gənclər seçimlərini dörd əsas prinsip üzərində qurmalıdırlar:
"İlk növbədə insan amilinin əvəzolunmaz olduğu sahələrə üstünlük verilməlidir. Çünki empatiya, emosional zəka və strateji qərarvermə kimi xüsusiyyətlər hələ də insanın üstünlüyü olaraq qalır. Bununla belə, dar ixtisaslaşmadan uzaq durmağın vacibliyinə də diqqət çəkmək istərdim. Gələcəyin əmək bazarında bir neçə sahəni birləşdirən multidissiplinar ixtisaslar daha çox üstünlük qazanacaq. Bu yanaşmanın universitetlərdə də geniş tətbiq edilməsinin zəruriliyini vurğulayaraq deyə bilərəm ki, fənlərarası əməkdaşlıq yeni peşələrin yaranmasına da səbəb olacaq".
Ekspert həmçinin vurğulayıb ki, universitet diplomu artıq uzunmüddətli karyeraya zəmanət vermir:
"Buna görə də həyatboyu öyrənmə prinsipi hər bir mütəxəssisin əsas bacarığına çevrilməlidir. Beynəlxalq ekspertlər yaxın gələcəkdə insanların əmək fəaliyyəti dövründə 4-5 dəfə ixtisaslarını yeniləməli olacaqlarını proqnozlaşdırırlar".
İ.Orucov gələcəyin ən perspektivli ixtisasları sırasında süni intellekt mühəndisliyi, data elmləri, prompt mühəndisliyi, kibertəhlükəsizlik, bioinformatika, biotexnologiya, süni intellekt etikası və hüququ üzrə ekspertlik sahələrini göstərib. O bildirib ki, süni intellekt sistemlərinin hüquqi və etik çərçivələrinin müəyyənləşdirilməsi gələcəkdə xüsusi əhəmiyyət kəsb edəcək:
"Bununla yanaşı, rəqəmsal dövrün yaratdığı psixoloji çağırışlar səbəbindən psixologiya və psixoterapiya sahələrinə də tələbat artacaq və texnoloji inkişafla yanaşı insan faktorunun qorunması da mühüm məsələ olacaq.
Gələcəyin əmək bazarında uğur qazanmaq üçün yalnız ixtisas kifayət etməyəcək. Tənqidi təfəkkür, problem həll etmə bacarığı, rəqəmsal savadlılıq, kreativlik, innovativ düşüncə, çeviklik və yeni texnologiyalara sürətli uyğunlaşma hər bir gəncin malik olmalı olduğu əsas kompetensiyalar sırasındadır".
Ekspert gənclərə ingilis dilini yüksək səviyyədə öyrənməyi də tövsiyə edib. O bildirib ki, qlobal bilik bazasına, beynəlxalq kurslara və süni intellekt alətlərinə çıxış üçün ingilis dili əsas vasitədir. Bununla yanaşı, gənclərin ChatGPT və digər süni intellekt platformalarından gündəlik təhsil və inkişaf məqsədilə istifadə etmələrinin vacibliyini vurğulayıb:
"Nəzəri biliklə kifayətlənmək düzgün yanaşma deyil. Gənclər komanda şəklində layihələr həyata keçirməli, startaplar, bloqlar və sosial təşəbbüslər yaratmalı, kommunikasiya və liderlik bacarıqlarını inkişaf etdirməlidirlər. Hesab edirəm ki, gələcəyin əmək bazarında insanlarla effektiv ünsiyyət qurmaq və komandanı idarə etmək texniki biliklər qədər əhəmiyyətli olacaq.
Bu fikirlər şəxsi mülahizələrə deyil, uzun illər apardığı elmi tədqiqatlara, beynəlxalq ədəbiyyata və süni intellekt sahəsində araşdırmalara əsaslanır. Qlobal əmək bazarında baş verən texnoloji dəyişikliklər qaçılmazdır və bugünkü abituriyentlər gələcəyin reallıqlarını nəzərə alaraq seçim etməlidirlər", - deyə o fikrini tamamlayıb.


