"AnTuTu" Android smartfonları arasında istifadəçilərdən ən çox müsbət rəy alan modellərin reytinqini yeniləyib. 2026-cı ilin avqust ayının nəticələrinə əsasən, gözlənilmədən "Xiaomi 17 Max" birinci olub. Növbəti iki pilləni isə "Oppo" modelləri tutub.
HİT.az xəbər verir ki, "Xiaomi 17 Max" ikinci ay ardıcıl olaraq ilk üçlükdə yer alıb, lakin ilk dəfə reytinqin zirvəsinə yüksəlib. Smartfon istifadəçilərin 97,58 faizinin müsbət rəyini qazanıb.
Modelin əsas xüsusiyyətləri arasında 120 Hz yenilənmə tezliyinə malik 6,9 düymlük AMOLED ekran, flaqman "Snapdragon 8 Elite Gen 5" prosessoru, 8000 mAs tutumlu batareya, 100 Vt sürətli və 50 Vt simsiz enerji doldurma dəstəyi var.
"Xiaomi" kameralar sisteminə də xüsusi diqqət yetirib. Smartfon "Leica" dəstəyi ilə 200 meqapiksellik əsas sensordan, həmçinin 50 meqapiksellik ultra genişbucaqlı kameradan və 3 dəfə optik yaxınlaşdırma imkanına malik periskop teleobyektivdən ibarət üçlü kamera sistemi ilə təchiz olunub.
Digər xüsusiyyətlər sırasında IP68/IP69 səviyyəsində su və tozdan qorunma, ultrasəs barmaq izi skaneri və stereo dinamiklər yer alır.
İkinci pillədə 97,42 faiz müsbət rəy göstəricisi ilə "Oppo K15 Pro+" qərarlaşıb. Smartfon əsasən mobil oyun və yüksək məhsuldarlıq imkanlarına fokuslanıb. O, "Dimensity 9500s" prosessoru, aktiv soyutma sistemi, 165 Hz tezliyə malik AMOLED ekran və 100 Vt sürətli enerji doldurmanı dəstəkləyən 8000 mAs batareya ilə təchiz edilib.
Üçüncü yeri isə 96,52 faiz nəticə ilə qatlanan "OPPO Find N5" tutub. Model reytinqdəki yeganə çevik smartfon olub. İstifadəçilər xüsusilə onun kompaktlığını yüksək qiymətləndiriblər. Cihaz qatlanmış vəziyyətdə cəmi 8,93 millimetr qalınlığa və 229 qram çəkiyə malikdir.
Reytinqə həmçinin "Nubia Z80 Ultra", "Redmi K90 Ultra", "Oppo Find X9 Ultra", "Nubia Z70S Ultra Photographer Edition", "Oppo Find X8 Ultra", "Xiaomi 15 Ultra" və "Realme GT8 Pro" daxil olub. Bu modellərin hamısı ən azı 93 faiz istifadəçi məmnuniyyəti göstəricisi əldə edib.
"AnTuTu" yeni smartfon almaq istəyənlər üçün qiymət və məhsuldarlıq nisbəti üzrə reytinqini də yeniləyib. Cihazlar superbüdcəli modellərdən flaqmanlara qədər beş qiymət kateqoriyasına bölünüb.
Ekspertlər 200 dollardan ucuz, uzun batareya ömrü, simsiz enerji doldurma və büdcə seqmentində nadir hesab olunan bir sıra funksiyalar təklif edən smartfonun da əksər istifadəçilərin tələblərini rahatlıqla qarşılayacağını bildiriblər.
Samir


