Bəzən təhlükəsizlik baxımından batareya ilə akkumulyator arasındakı fərqi bilmək vacibdir. Xarici görünüşcə demək olar ki, eyni olan bu enerji mənbələri fərqli prinsiplərlə işləyir və müxtəlif məqsədlər üçün nəzərdə tutulub.
HİT.az xəbər verir ki, məişət baxımından əsas fərq ondan ibarətdir ki, batareya birdəfəlik istifadə üçün nəzərdə tutulur, akkumulyator isə dəfələrlə doldurularaq istifadə edilə bilər. Hər ikisinin daxilində elektrik cərəyanı yaradan kimyəvi reaksiyalar baş verir. Lakin akkumulyatorda bu reaksiyaları enerji doldurma cihazının köməyi ilə müəyyən dərəcədə geri qaytarmaq mümkündür.
Bununla belə, eyni ölçüdə olsalar da, batareyalar və akkumulyatorlar həmişə eyni xüsusiyyətlərə malik olmur. Məsələn, standart AA ölçülü qələvi batareyanın gərginliyi adətən 1,5 volt olduğu halda, eyni ölçülü nikel-metal hidrid akkumulyatorunda bu göstərici 1,2 voltdur.
Bir çox cihaz hər iki enerji mənbəyi ilə işləyə bilsə də, bəzi qurğular müəyyən gərginlik və ya xüsusi boşalma şərtləri tələb edir. Bu isə onların bir-birini əvəz etməsini mümkünsüz edir.
Ümumilikdə, batareyalar nadir hallarda istifadə olunan cihazlar – pultlar, divar saatları və sadə fənərlər üçün əlverişlidir. Onlar akkumulyatorlardan daha ucuzdur və az enerji sərf edən cihazlarda tez-tez dəyişdirilməsinə ehtiyac qalmır.
Akkumulyatorları isə enerjini sürətlə sərf edən cihazlarda – oyuncaqlarda, fotoaparatlarda, oyun konsolu kontrollerlərində və digər oxşar qurğularda istifadə etmək daha məqsədəuyğundur.
Akkumulyatorları adi batareyalardan necə ayırmaq olar?
Onları xarici görünüşünə görə fərqləndirməyin ən sadə yolu korpusdakı işarələrə baxmaqdır.
Akkumulyatorların üzərində adətən “Rechargeable”, “Ni-MH” sözləri və ya tutum göstəricisi, məsələn, “2000 mAh” qeyd olunur. Adi batareyalarda isə bu işarələr olmur. Onların üzərində “Alkaline”, “Lithium” və ya elementin növü göstərilə bilər.
Akkumulyatorlu batareyaları adi batareyalardan ayırmağı bilmək yalnız daha qənaətli istifadə baxımından deyil, təhlükəsizlik baxımından da vacibdir.
Adi batareyaları doldurmaq olmaz. Belə cəhd onların qızmasına və hətta alışmasına səbəb ola bilər. Akkumulyatorlar isə yalnız uyğun enerji doldurma cihazlarından və onların növünə uyğun qaydalara əsasən istifadə edilməklə doldurulmalıdır.
Samir


