Portativ günəş panellərinin 3 əsas problemi – Almazdan əvvəl bunları bilin

TEXNO
21:18 / 10.09.2026
46

Portativ günəş panelləri bərpa olunan enerjidən istifadə etmək üçün rahat və çevik həll hesab olunur. Onları damda daimi quraşdırmağa ehtiyac yoxdur və müxtəlif məkanlarda istifadə etmək mümkündür. Lakin bu sistemlərin bir sıra çatışmazlıqları da var.

HİT.az xəbər verir ki, bu barədə "Slash Gear" yazıb.

Pportativ günəş panellərinin əsas problemləri onların aşağı gücü, yerləşdirilmə və davamlılıq məsələləri, eləcə də qiymət və oğurluq riskidir.

Aşağı enerji istehsalı

Portativ panellər fotoelektrik texnologiya əsasında işləyir. Günəş şüaları yarımkeçirici materiala düşdükdə elektrik enerjisi yaranır. Lakin buludlu hava, yağış, qar, havadakı toz və hətta meşə yanğınlarından yaranan tüstü panellərin məhsuldarlığını əhəmiyyətli dərəcədə azalda bilər.

Günün və ilin hansı vaxtında istifadə olunması da enerji istehsalına təsir göstərir. Günəş işığının az olduğu saatlarda əldə edilən enerji də azalır. Gecə vaxtı elektrik enerjisindən yararlanmaq üçün isə əlavə akkumulyator və ya invertor lazım gəlir.

Ölçüləri kiçik olduğundan portativ panellər dam sistemləri ilə müqayisədə daha az enerji istehsal edir. Kiçik qatlanan panel smartfon və planşet kimi cihazları enerji ilə təmin edə bilər. Daha böyük modellər isə ventilyator və bir neçə LED lampanı işlətmək üçün kifayət edə bilər. Lakin bütöv bir evin elektrik tələbatını qarşılamaq adətən mümkün olmur.

Yerləşdirmə və davamlılıq problemi

Portativ panel almaq asan olsa da, onun üçün uyğun açıq məkan tapmaq hər zaman mümkün deyil. Xüsusilə qatlanan modelləri qeyri-bərabər səthlərdə yerləşdirmək çətin ola bilər. Üstəlik, bəzi panellər qatlandıqda belə kifayət qədər həcmli qalır.

Şəhər şəraitində isə hündür binalar günəş şüalarının panellərə gün ərzində tam düşməsinə mane ola bilər.

Portativ sistemlərin digər problemi onların stasionar dam panelləri qədər davamlı olmamasıdır. Tez-tez daşınma zamanı zədələnə, güclü külək və fırtına zamanı yerindən tərpənə bilərlər. İstifadə edilmədikləri vaxt onların qorunması üçün ayrıca saxlama yeri də tələb olunur.

Bundan başqa, panelin özündən əlavə, akkumulyatorun da ağır və iri olması daşınmanı çətinləşdirə bilər.

Xərc və oğurluq riski

Portativ panellər damda quraşdırılan sistemlərdən daha əlçatan görünsə də, onların alınması yenə də ciddi xərc tələb edə bilər. Bəzi modellərlə birlikdə kabellər, akkumulyator və portativ enerji qurğuları təqdim olunur. Lakin bunlar komplektə daxil deyilsə, əlavə vəsait xərcləmək lazım gəlir.

Buna görə sistem almadan əvvəl hansı gücə ehtiyac olduğunu dəqiq hesablamaq və uyğun panel seçmək vacibdir.

Portativ panellərin bir başqa çatışmazlığı oğurluq riskidir. Damda quraşdırılmış sistemdən fərqli olaraq, həyətdə və ya açıq ərazidə saxlanılan paneli götürmək daha asandır. Bu riski azaltmaq üçün panelləri qoruyucu tros və ya polad zəncirlə sabit nöqtəyə bağlamaq, istifadə edilmədikdə isə təhlükəsiz yerdə saxlamaq tövsiyə olunur.

Samir
 

0