Ağ Evin rəsmi internet saytında yayımlanan video oyun qısa müddətdə müəllif hüquqları mübahisəsinin mərkəzinə çevrilib.
HİT.az xəbər verir ki, “Build the Wall” adlı oyun oynanış mexanikasının “Tetris”ə bənzədilməsi ilə bağlı “Tetris Company”nin şikayətindən sonra saytdan götürülüb.
Donald Tramp administrasiyasının rəsmi internet saytına müxtəlif arkada tipli oyunlar əlavə etmək qərarı çərçivəsində yayımlanan oyunda müxtəlif forma və ölçülərdəki blokların üst-üstə yerləşdirilməsi tələb olunurdu. Oyunun məqsədi isə sərhəddəki “zombi mühasirəsi”ni dayandıracaq divarı tamamlamaq kimi təqdim edilirdi.
Oyunun yayılmasından sonra “Tetris”in hüquqlarına sahib olan “Tetris Company” bu oyunla hər hansı əlaqəsinin olmadığını açıqlayıb. Şirkət sosial şəbəkədəki paylaşımında müəllif hüquqlarının pozulmasına ciddi yanaşdığını bildirib.
Şikayətdən sonra “Build the Wall” üçün hazırlanmış səhifə saytdan çıxarılıb. Sözügedən ünvana daxil olmağa çalışan istifadəçilər artıq səhifənin mövcud olmadığını bildirən xəta ekranı ilə qarşılaşırlar.
Oyun yalnız “Tetris”ə bənzərliyi ilə deyil, məzmununa görə də tənqid olunub. Divar inşa etməklə sərhəddəki “zombi mühasirəsi”nin qarşısını almaq ideyası ictimaiyyətdə irqçiliklə bağlı müzakirələrə də səbəb olub.
“Build the Wall” silinsə də, Ağ Evin internet saytındakı digər arkada tipli oyunların hamısı yoxa çıxmayıb. Onlardan biri olan “Rio Run” köhnə mobil telefonlardan tanınan “İlan” oyununa bənzər quruluşa malikdir.
Oyunda ağdərili kişi obrazı idarə olunur və mümkün qədər çox miqrant obrazının deportasiya edilməsi hədəflənir. “Build the Wall”dan fərqli olaraq, “Rio Run” Ağ Evin rəsmi internet saytında hələ də əlçatandır.
Samir


