98 milyon illik kəhrəbanın içindən yarpağa bənzəyən nadir canlı tapıldı

DÜNYA
16:46 / 18.11.2026
28

Myanmanın ərazisində aparılan tədqiqatlar zamanı təxminən 98 milyon il yaşı olan kəhrəba parçasının içərisində nadir həşərat qalığı aşkarlanıb. İlk baxışda yarpaq parçası olduğu düşünülən tapıntının əslində yarpağa bənzəyən qədim peyğəmbərqızılı (dəvədəlləyi) olduğu müəyyən edilib.

HİT.az xəbər verir ki, bu barədə “Interia Zielona” məlumat yayıb.

Alimlərin araşdırdığı kəhrəba Təbaşir dövrünə aiddir. Bu dövrdə Yer kürəsində dinozavrlar hökmranlıq edir, həşəratlar isə əhəmiyyətli təkamül dəyişiklikləri keçirirdi. Xüsusilə çiçəkli və toxumlu bitkilərin yayılması həşəratların müxtəlifliyinin artmasına şərait yaradırdı.

Tədqiqatçılar əvvəlcə kəhrəbanın daxilindəki obyektin bitki yarpağı olduğunu ehtimal ediblər. Lakin daha ətraflı müayinə nəticəsində bunun yarpağa bənzər quruluşa malik dəvədəlləyi olduğu üzə çıxıb. Həşəratın görünüşü ətraf mühitə uyğunlaşma və kamuflyaj qabiliyyətinin qədim nümunəsi hesab olunur.

Alimlərin fikrincə, bu xüsusiyyət mimetizm adlanır. Yəni canlılar yırtıcılardan qorunmaq və ya ovlarına yaxınlaşmaq üçün ətrafdakı obyektlərin görünüşünü təqlid edirlər. Yarpağa bənzəyən dəvədəlləklər də bu üsuldan istifadə edərək bitkilərin arasında gizlənə və digər həşəratları qəfil yaxalaya biliblər.

Tədqiqatçılar bildirirlər ki, yeni tapıntı Təbaşir dövründə dəvədəlləklərlə bitkilər arasında mimetik uyğunlaşmanın mövcudluğuna dair ən qədim birbaşa sübutlardan biridir. Bu kəşf həmin həşəratların milyonlarla il əvvəl də mürəkkəb kamuflyaj xüsusiyyətlərinə malik olduğunu göstərir.

Qeyd edək ki, dəvədəlləklərin Yer üzündə təxminən 150-120 milyon il əvvəl meydana gəldiyi ehtimal olunur. 98 milyon il yaşı olan kəhrəbadakı nümunə isə onların təkamül tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Samir
 

0