Qvatemalanın şimalında, sıx cəngəlliklərin arasında yerləşən qədim El-Mirador şəhərində maya tanrılarını təsvir edən təxminən 40 gips baş və onların fraqmentləri tapılıb.
HİT.az xəbər verir ki, bu barədə “The Daily Galaxy” nəşri məlumat yayıb.
Arxeoloqların sözlərinə görə, tapıntılar eramızın 600-900-cü illərinə, yəni maya sivilizasiyasının klassik dövrünün son mərhələsinə aiddir. Hazırda bəzi nümunələrin bərpası üzərində iş aparılır. Gips və suvaqdan hazırlanan əşyalar kövrək olduğundan onların restavrasiyası uzun vaxt tələb edir.
Tədqiqatçılar El-Mirador ərazisində tanrı təsvirlərindən başqa, qədim yollar və yaşayış kompleksi də aşkarlayıblar. Arxeoloqlar bu ərazidə yeni qazıntılara hazırlaşırlar. Onların əsas məqsədlərindən biri şəhərin vaxtilə bütün regiona nəzarət etmək imkanına malik olub-olmadığını araşdırmaqdır. Hələlik bu fikir elmi fərziyyə olaraq qalır.
Cəngəlliklərin gizlətdiyi qədim şəhər
El-Mirador 1930-cu ildə Qvatemalanın şimalındakı Peten departamentində, Meksika sərhədinə yaxın ərazidə aşkar edilib. Burada məskunlaşma eramızdan əvvəl 600-300-cü illərdə başlayıb, şəhərin ən böyük inkişaf dövrü isə eramızdan əvvəl 300-cü ildən eramızın 250-ci ilinə qədər davam edib.
Şəhərin ən diqqətçəkən abidələrindən biri hündürlüyü 72 metr olan La-Danta piramidasıdır. Dünyanın ən böyük piramida komplekslərindən biri hesab edilən bu tikili qədim şəhərin miqyasını nümayiş etdirir. Mütəxəssislərin hesablamalarına görə, El-Miradorda vaxtilə təxminən 200 min insan yaşayıb.
2015-ci ildən etibarən təyyarə və pilotsuz uçuş aparatları vasitəsilə aparılan tədqiqatlar ərazinin daha geniş miqyasda öyrənilməsinə imkan yaradıb. Lazer skanlama texnologiyası LiDAR isə sıx bitki örtüyünün altında gizlənən tikililəri, yüzlərlə qədim yaşayış məntəqəsini və yol şəbəkəsini müəyyənləşdirməyə kömək edib.
Alimlər hesab edirlər ki, yeni tapıntılar mayya sivilizasiyasının şəhərsalma ənənələri, dini inancları və regiondakı siyasi təsiri barədə əlavə məlumatlar verə bilər.
Samir


