Karib dənizindəki Haiti adasında təxminən 600 il əvvəl nəsli kəsilmiş quşun qalıqlarının DNT analizi alimləri maraqlı kəşfə aparıb. Araşdırma nəticəsində məlum olub ki, həmin quşun təkamül baxımından ən yaxın qohumları arasında Cənubi Amerikada və Yeni Zelandiyanın ucqar adalarında yaşayan növlər var.
HİT.az xəbər verir ki, bu barədə “Infobae” nəşri məlumat yayıb.
Qalıqlar ilk dəfə 1984-cü ildə Karib hövzəsində yerləşən mağaralardan birində aşkar edilib. 2015-ci ildə alimlər onları yeni bir meşəbekası növünə aid ediblər. Lakin sonradan iki fosil nümunəsi üzərində aparılan genetik analiz bu təsnifatı dəyişib. Məlum olub ki, quş əslində bekaslar qrupuna daxildir.
Tədqiqatçılar fosillərin mitoxondrial genomunu müasir dövrdə yaşayan 45 quşun genetik məlumatları ilə müqayisə ediblər. Araşdırma nəticəsində Haiti ərazisində yaşamış nəsli kəsilmiş quşun ən yaxın müasir qohumunun Cənubi Amerikada rast gəlinən nəhəng bekas olduğu müəyyənləşib.
Daha maraqlısı isə Yeni Zelandiyanın ucqar adalarında yaşayan kiçik qonur rəngli quşun da bu təkamül xətti ilə əlaqəli olmasıdır. Genetik məlumatlara əsasən, sözügedən quşların ortaq təkamül qolundan ayrılması təxminən 14-18 milyon il əvvəl baş verib.
Alimlər hesab edirlər ki, bu nəticə həmin quşların əcdadlarının Sakit okeanı keçdiyini göstərir. Onların belə böyük məsafəni necə qət etməsi isə hələ də dəqiq məlum deyil. Ehtimallara görə, bu prosesə ekstremal iqlim hadisələri və ya Antarktida üzərindən keçən mümkün marşrut səbəb ola bilər.
Araşdırmada quşların adalara məskunlaşdıqdan sonra keçirdiyi dəyişikliklərə də diqqət yetirilib. Belə ki, bəzi növlər zamanla uzaq məsafələrə uçmaq qabiliyyətini, digərləri isə ümumiyyətlə uçmaq imkanını itirib. Bu xüsusiyyət onları insanlar tərəfindən adalara gətirilən yırtıcılar qarşısında daha müdafiəsiz vəziyyətə salıb.
Fosil məlumatlarına görə, bu quş qrupunun geoloji baxımdan yaxın keçmişdə 10 növü yoxa çıxıb. Onlardan doqquzu adalarda yaşayıb. Yeni Zelandiyanın Cənubi adasında məskunlaşmış bekas növü isə 1964-cü ildə, ehtimal ki, insanlar tərəfindən gətirilən qara siçovulların təsiri nəticəsində nəsli kəsilən növlər sırasına daxil olub.
Samir


