Kanadanın Yeni Şotlandiya əyalətində yaşı təxminən 315 milyon il olan daşlaşmış ağac gövdələrinin içərisində qədim canlıların qalıqları aşkarlanıb. Tapıntılar alimlərə Karbon dövrünün canlı aləmi və həmin dövrdəki meşə ekosistemi haqqında mühüm məlumatlar verib.
HİT.az xəbər verir ki, bu barədə “The Daily Galaxy” nəşri yazıb.
Məlumata görə, ilk maraqlı tapıntı 1859-cu ildə geoloq Uilyam Douson tərəfindən Yeni Şotlandiyanın Joggins sahil qayalıqlarında aşkar edilib. O, daşlaşmış ağacın içi boş gövdəsini yararkən təxminən 20 santimetr uzunluğunda kiçik bir canlının skeletinə rast gəlib.
Sonradan Hylonomus lyelli adlandırılan bu canlı uzun müddət Şimali Amerikada aşkar edilmiş ən qədim sürünən hesab olunub. Onun kiçik, iti dişləri olub və ehtimal edilir ki, əsasən xırda onurğasızlarla qidalanıb.
Alimlərin diqqətini çəkən əsas məqamlardan biri də bu canlıların ağac gövdələrinin daxilində necə qorunub saxlanmasıdır. Ehtimallara görə, heyvanlar içi boş ağac kötüklərinə düşərək oradan çıxa bilməyiblər. Başqa bir versiyaya əsasən isə həmin gövdələrdən yuva kimi istifadə ediblər. Daha sonra ağacların boşluqları çayların gətirdiyi çöküntülərlə dolub və canlıların skeletləri milyonlarla il ərzində qorunub.
Araşdırmalar göstərir ki, həmin dövrdə bu ərazidə hündürlüyü 20-30 metrə çatan nəhəng ağaclar və rütubətli tropik meşələr olub. Ağacların yumşaq daxili toxumaları çürüdükdən sonra möhkəm qabıqları formasını saxlayıb və içi boş gövdələr əmələ gəlib.
Joggins qayalıqları təxminən 318-303 milyon il əvvələ aid geoloji qatları ilə tanınır. UNESCO-nun məlumatına görə, burada 96 cinsə və 148 növə aid fosillər, eləcə də qədim canlıların həyat fəaliyyətini əks etdirən 20 müxtəlif iz qrupu aşkar edilib. Bu ərazidə yeni fosillərin üzə çıxması prosesi hazırda da davam edir.
Maraqlıdır ki, Hylonomus lyelli 2002-ci ildə Yeni Şotlandiyanın rəsmi fosil simvolu elan edilib. Lakin onun tarixdəki ilk sürünən olması ilə bağlı elmi baxışlar dəyişməkdədir.
2025-ci ildə “Peer Community Journal” nəşrində dərc olunan araşdırmaya əsasən, Hylonomus-un müasir sürünənləri, quşları və məməliləri birləşdirən amniotlar qrupuna daxil olmaması ehtimalı təxminən 85 faiz qiymətləndirilib. Bu isə onun təkamül tarixindəki yerinin yenidən araşdırılmasına səbəb olub.
Samir


