DÜNYA
16:19 / 27.04.2021
316

Uzun müddət şəklinin çəkilməsinə icazə verməyən Hitlerin MÜSAHİBƏSİ

Müsahibə Corc Silvester Virek tərəfindən 1923-cü ildə Adolf Hitlərdən götürülüb və 1932-ci ildə “Liberti” (“Azadlıq”) jurnalında redaktə edilərək yenidən nəşr olunub.

HİT.Az Hitlerin sözügedən müsahibəsini təqdim edir:

“Almaniyanin idarəsinin məsuliyyətini öz üzərimə götürdükdən sonra, xarici ölkələrə verilən təzminatı dayandıracaq və evimiz Almaniyada bolşevizmə son qoyacağam”.

Adolf Hitler bunu deyib çaydan bolşevizmin qanını içirmiş kimi qurtum aldı.

- Bolşevizm, - Almaniya faşistlərinin başcısı gözünü mənə zilləyərək davam etdi, - ən böyük təhlükəmizdir. Almaniyada bolşevizmi məhv et və 70 milyonluq milləti yenidən hakimiyyətə gətir. Fransa güclü olduğuna görə öz ordusuna yox, bolşevik qüvvələrə və içimizdəki bölünməyə borcludur. Versal və Sent Jermen müqavilələri Almaniyada bolşeviklərə görə qüvvədə qalır. Sülh müqaviləsi və bolşevizm bir əjdahanın iki başıdır. Biz bu başların hər ikisini kəsməliyik.

Adolf Hitler proqramının, üçüncü alman imperiyasının yaradılmasını elan edərkən bunun göy qurşağının sonunda olduğunu qeyd edir. Sonra seçkilər ardıcıllıqla gəldi və hər dəfə də Hitlerin gücü daha da artdı. Hinderburqu prezidentlik postundan sıxışdırmağın mümkünsüz olduğu dövrdə Hitler artıq Almaniyanın ən böyük partiyasına sahibdir. Əgər Hinderburq diktatorial tədbirlər və ya gedişatı dəyişməyən gözlənilməz irəliləyişlər baş verməsə, Hitlerin partiyası Reyxstaqda hakimiyyəti çoxluqda idarə edəcək. Əslində, Hitlerin mübarizəsi Hinderburqa qarşı deyil, Kansler Brüninqə qarşıdır. Brüninqdən sonra gələn kanslerinsə Milli Sosialistlərin dəstəyi olmadan postunda qala biləcəyi şübhəlidir.

Hindenburqa səs verənlərin çoxu, əslində, Hitleri dəstəkləyirdilər, amma qəlblərinin dərinliklərində kök salmış vəfadarlıq hissi onların yaşlı feldmarşala səs verməsinə təsir etdi. Əgər yeni lider peyda olmasa, Almaniyada Hindenburqdan başqa Hitleri üstələyəcək heç kim yoxdur, Hinderburqun isə 85 yaşı var! Vaxt və fransız inadkarlığı Hitlerin xeyrinə işləyir, əgər onun ciddi səhvi olmasa və partiya cərgələrində fikir ayrılığı yaranmasa, Hitler Almaniyada Mussolininin rolunu oynamaq imkanı qazanacaq. 

Birinci alman imperiyası Avstriya imperatorunun tacını Napoleon Bonaparta təslim etməsi ilə varlığına son qoyub. İkinci imperiya Hindenburqun məsləhəti ilə II Vilhelmin Hollandiyaya köçməsi ilə mövcudluğunu itirib. Üçüncü imperiya isə şahlıq və tacın olmamasına baxmayaraq, tədricən və qətiyyətlə yaranır.

Hitlerlə Münhendəki qərargahında – “Qəhvəyi Ev”də yox, şəxsi mənzildə - alman hərbi donanmasının keçmiş admiralının evində görüşdük. Biz bir neçə fincan çay içərək Almaniyanın taleyini müzakirə etdik.

- Nə üçün, - Hitlerdən soruşdum, - özünüzü nasional-sosialist adlandırırsınız? Axı sizin partiya proqramınız sosializmə aid olan hər şeyə qarşıdır.

- Sosializm, - fincanı qoyub qızğın şəkildə etiraz etdi, - ictimai rifahı öyrənən elmdir. Kommunizm sosializm deyil. Marksizm sosializm deyil. Marksistlər bu termini oğurladılar və mənasını ayrı cür yozdular. Mən sosializmi “sosialistlər”dən geri alacağam.

- Sosializm qədim ari, alman idarə təsisatıdır. Əcdadlarımız müəyyən əraziləri ortaq istifadədə saxlayıb. Onlar ictimai rifah ideyasını inkişaf etdiriblər. Marksizmin sozializm adı ilə maskalanmağa haqqı yoxdur. Sosializm marksizmdən fərqli olaraq şəxsi mülkiyyətdən imtina etmir və insan şəxsiyyətini alçaltmır. Bununla yanaşı, vətənpərvərliyi özündə cəmləşdirir.

- Partiyamızın adını Liberal Partiyası qoya bilərdik, amma özümüzə Nasional Sosialist adı verdik. Biz beynəlmiləlçi deyilik, bizim sosializmimiz millidir. Biz irqi həmrəyliyin əsasında işçi sinfinin tələblərinin yerinə yetirilməsini tələb edirik. Bizim üçün dövlət və irq birdir.

Hitler özü təmiz alman görünüşünə malik deyildi. Onun tünd saçları əcdadlarının görünüşünə zidd idi. O, bir neçə il şəklini çəkdirməkdən imtina etdi. Onun trategiyasının bir parçası bu idi – yalnız dostları tərəfindən tanınmaq və kritik vəziyyətlərdə istənilən yerə rahat gedə bilirdi. İndi isə Almaniyanın ən ucqar kəndinə belə getsə onu tanıyarlar. Xarici görünüşü isə agressiv fikirləri ilə heç uyuşmur.

- Platformanızın təməl prinsipləri nədir? – deyə soruşdum.

- Sağlam bədəndə sağlam ruh olar. Ruhun sağlam olması üçün bədən də sağlam olmalıdır. Mənəvi və fiziki sağlamlıq bənzər mənalar daşıyır.

- Mussolini də həmin sözləri demişdi, - dedim. Hitlerin gözləri güldü.

- Cəmiyyətin korlanmasının 90%-i xarabalıqlara və gecəqondulara, 10%-i isə alkoqola görədir,-dedi. Heç bir sağlam insan marksist deyil. Sağlam insan şəxsiyyətin dəyərini anlayır. Biz baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün çalışırıq. Bavariya nisbətən sağlamdır, çünki tam sənayeləşdirilməyib. Bununla belə, ərazinin kiçik olmasına baxmayaraq, bütün Almaniya torpaqları (Bavariya daxil olmaqla) intensiv sənayeləşdirilməyə məruz qalıb. Əgər biz Almaniyanı qoruyub saxlamaq istəyiriksə, torpağa bağlı olan fermerlərə diqqət yetirməliyik. Bunun üçün onlara işləməyə və yaşamağa torpaq sahələri ayırmalıyıq.

- Hansı ərazilərin hesabına fermerlərə yer ayıracaqsınız?

- Biz müstəmləkələrimizi əlimizdə saxlamalı və şərqə doğru ölkəmizi genişləndirməliyik. Vaxt var idi ki, İngiltərə ilə dünyanı bölüşdürürdük. İndi daralmış ərazilərimizi şərqə doğru genişləndirə bilərik. Baltik dənizi mütləq Almaniyanın daxili dənizinə çevrilməlidir.

- Mümkündürmü Almaniya ərazisini genişləndirmədən bütün dünyanı iqtisadi cəhətdən işğal etsin? – deyə soruşdum.

Hitler etiraz olaraq başını yellədi.

- İqtisadi imperiya da hərbi imperiya kimi gücdən asılıdır. Dünya gücü olmadan ticarətin dövriyyəsinin miqyası elə də böyük olmaz. Xalqımız dünya gücü və dünya ticarəti aspektlərindən düşünməyi öyrənməyib. Bununla bərabər, Almaniya itirdiklərini tapana və özünə gələnə kimi iqtisadi və ərazi cəhətdən böyüyə bilməz. Biz evi yanmış adamın vəziyyətindəyik. Daha ambisiyalı planlar qurmaq üçün ilk öncə başımızın üstündə dam olmalıdır. Biz sadəcə yağışdan qorunmaq üçün özümüzə sığınacaq düzəldə bildik, doluya hazır deyilik. Bununla belə, biz bəxtsizliklə üzləşdik. Almaniya milli-mənəvi və iqtisadi böhran burulğanları içərisindədir. Korlanmış, pozulmuş partiya sistemi xəstəliyimizin əlamətidir. Parlamentdə çoxluq qərar verməkdə tərrəddüdlü olmaqla bolşevizmin möhkəmlənməyinə yol açır.

- Bəzi alman militaristlərindən fərqli olaraq, siz Sovet Rusiyası ilə hərbi əməkdaşlığı rədd edirsinizmi?

- Hitler suala qəti cavab verməkdən yayındı. Növbəti sualda da belə etdi, müsahib Trotskinin sitatına fikir bildirməyini istəmişdi. Trotskinin fikrincə, Hitlerin iqtidara gəlməsi Avropanı ölüm-dirim savaşına sürükləyəcək və bu savaşın bayraqdarları Almaniya ilə Sovet Rusiyası olacaq. 

Bolşevizmə Rusiya istiqamətində hücum etmək Hitler üçün münasib deyil. Hətta yenilmək təhlükəsi olacağı halda bolşevik rejimi ilə əməkdaşlığı son kart kimi görür. Bu da həmin haldır ki, əgər kapitalist dünyası nasional-sosialistləri şəxsi mülkiyyətin son dayağı kimi qəbul etməsə, əgər kapital onların mübarizə yoluna sədd olsa, Almaniya Sovet Rusiyasının yardım əlimi uzatmasını istəyə bilər. Lakin o, bolşevizmin Almaniyada kök salmasına imkan verməməkdə qətidir.

Keçmişdə kansler Brüninqin və vahid siyasi cəbhə yaratmaq istəyənlərin təkliflərinə ehtiyatla cavab verərdi. Keçmişdən fərqli olaraq indi nasional-sosialistlərin sayının artmasına görə Hitler istənilən ana prinsip barəsində digər partiyaları kompromisə gətirə biləcək.

- Vahid cəbhənin asılı olduğu siyası kombinasiyalar, - Hitler dedi: çox qeyri-stabildir. Onların dəqiq müəyyən olunmuş siyasət yürütmələri, demək olar ki, imkansızdır. Mən hər yerdə kompromis və güzəştin ziqzaq kursunu görürəm. Bizim konstruktiv güclərimiz rəqəmlər tiranlığı (Tyranny of numbers) ilə ölçülür. Biz iqtisadi dünyanın riyaziyyatını və mexanikasını real vəziyyətə (living state) aid etməklə səhv edirik. Biz günü-gündən artan rəqəmlərlə və azalan məqsədlərlə (ideals) hədələnirik. Adi rəqəmlər vacib deyil.

- Təsəvvür edin ki, Fransa sizə qarşı addım ataraq Almaniyanın ürəyini ikinci dəfə əlindən almaq istəyir. Fransa artıq bir dəfə Ruru işğal edib, bunu ikinci dəfə də işğal edə bilər. 

- Heç bir fərqi yoxdur, - Hitler ayağa qalxaraq dedi, - milli ruh oyanandan sonra düşmən neçə kvadrat mil işğal edib. Vətəni yaşatmaq üçün hazır olan on milyon azad düşüncəli alman əlli milyon iflic vəziyyətdə olan və xarici düşüncə ilə yoluxmuş adamdan daha xeyirlidir.

- Biz bütün almanların birləşdiyi böyük Almaniyanı istəyirik. Bizim xilas yolumuz kiçik bir guşədən başlaya bilər. Hətta 10 akr torpağımız olsa belə, canımız bahasına bu torpağı qorumaqda qərarlı olsaq, bu ərazi regenerasiyanın mərkəzi ola bilər. Bizim işçilərin iki ruhu var, biri alman ruhudur, digəri isə marksist ruhu. Biz alman ruhunu qaldırıb, marksizm yarasını kökündən yox etməliyik. Marksizm və almançılıq biri-birinə zidd anlayışlardır. Mənim yaratdığım Almaniya dövlətinin planında gəlmələrə, bədxərclərə, sələmçilərə və ya alverçilərə, ümumiyyətlə, istehsalçı olmayan heç kimə yer yoxdur.

Hitlerin alnının damarları qabardı, səsi bütün otağı götürdü. Qapıdan da bir səs gəldi, mühafizəçilərindən biri onun bir iş görüşünün olmasını xatırlatdı.

Hitler çayından bir qurtum aldı və ayağa qalxdı.

Tərcümə: Qurban Əliyev

0