Çində peykləri məhv etməyə qadir olduğu deyilən yeni HQ-29 raketdən müdafiə sisteminin daşınmasını əks etdirən video yayılıb.
HİT.az xəbər verir ki, “Defence Express” hərbi portalının məlumatına görə, Çin sosial şəbəkələrində paylaşılan kadrlarda 8 buraxılış qurğusunun və 16 raketin daşınması görünür.
Analitiklərin bildirdiyinə görə, HQ-29-un hazırlanması 2000-ci illərin əvvəlindən başlayıb, sistem ilk dəfə 2025-ci ilin sentyabrında rəsmi şəkildə təqdim olunub.
Yayılan yeni görüntülər HQ-29-un Çinin silahlanmasında artıq ən azı iki batareya şəklində ola biləcəyini göstərir. Rəsmi məlumatlar isə çox məhduddur və əsas göstəricilər xarici qiymətləndirmələrə əsaslanır.
Belə ki, HQ-29 üçün aşağıdakı göstəricilər qeyd olunur: məhvetmə məsafəsi 2500 km-ə qədər, qarşısının alınma hündürlüyü 850 km-ə qədər. Lakin digər qiymətləndirmələrə görə, real hündürlük 150–600 km aralığında ola bilər ki, bu da daha real hesab edilir. Raketin sürətinin 6–10 Mach (təxminən 7350–12 250 km/saat) olduğu bildirilir.
“Bu göstəricilər həqiqətən təsirli görünür, lakin qeyd etmək lazımdır ki, bunlar yalnız qiymətləndirmələrdir və real imkanlar fərqli ola bilər. HQ-29 üçün həm ballistik raketlərin (o cümlədən qitələrarası ola biləcəyi ehtimal edilən), həm də hipersəs raketlərin, eləcə də aşağı Yer orbitindəki peyklərin tutulması imkanı iddia olunur”, – analitiklər bildirir.
Bununla belə vurğulanır ki, əgər bu göstəricilər doğrudursa, HQ-29 hətta Rusiyanın S-500 sistemindən də üstün ola bilər. S-500 üçün maksimum atış məsafəsi 600 km, hündürlük isə 200 km olaraq göstərilir.
Samir


