Dişləri nə vaxt fırçalamaq daha doğrudur?

SAĞLAMLIQ
23:15 / 05.05.2026
46

Bir çox insan dişləri nə vaxt fırçalamağın daha düzgün olduğu sualını verir – səhər yeməyindən əvvəl, yoxsa sonra. Əksəriyyət hesab edir ki, yeməkdən sonra fırçalama daha məntiqlidir. Lakin stomatoloq Dipa Çopra bildirib ki, əslində səhər oyandıqdan dərhal sonra dişləri fırçalamaq daha yaxşıdır.

HİT.az xəbər verir ki, bu barədə "DailyMail" yazır.

“Yatdıqdan sonra dişlərin fırçalanması gecə ərzində toplanan diş ərpini və bakteriyaları təmizləməyə kömək edir. Bu həm də yeməkdən əvvəl dişlər üzərində flüor qoruyucu qat yaradır”, deyə o izah edib.

Onun sözlərinə görə, xüsusilə meyvə və ya meyvə şirəsi kimi turş qidalar qəbul edildikdən dərhal sonra dişlərin fırçalanması zərərli ola bilər. Bu maddələr müvəqqəti olaraq diş emalını yumşaldır və bu vaxt fırçalama emalın daha sürətli aşınmasına səbəb ola bilər.

Eyni zamanda, səhər yeməyindən əvvəl dişlərin fırçalanması turşu və şəkərin təsirini azalda bilər.

“Səhər yeməyindən əvvəl dişləri fırçalamaqla siz turş və ya şirin qidaların yaratdığı zərəri minimuma endirən qoruyucu qat formalaşdırırsınız”, deyə stomatoloq bildirib.

Əgər siz yenə də dişlərinizi yeməkdən sonra fırçalamağa üstünlük verirsinizsə, həkim Çopra ən azı 30 dəqiqə gözləməyi tövsiyə edir. Bu müddət ərzində tüpürcək turşuları neytrallaşdırır və emalın yenidən bərkiməsinə imkan yaradır.

“Emalın turşudan sonra bərpa olunması üçün vaxt lazımdır. Əgər dərhal fırçalayarsınızsa, siz yumşalmış emalı təmizləmiş olursunuz ki, bu da zamanla həssaslıq və eroziyaya səbəb ola bilər”, deyə o xəbərdarlıq edib.

Samir

0