DÜNYA
18:20 / 28.10.2021
1053

Dünyanın danışdığı toyun yeni təfərrüatı məlum oldu - FOTOLAR

Xəbər verdiyimiz kimi, Yaponiya Şahzadəsi Mako sadə vətəndaş olan tələbə yoldaşı Key Komuro ilə nikah bağlayıb.

Cütlük nikahdan sonra bir oteldə təşkil etdikləri mətbuat konfransında evlilikləri barədə hər kəsdə sual doğuran məsələlərə aydınlıq gətirib.

“Komuro mənim üçün yeri doldurulmayacaq biridir. Evlilik qəlblərimiz sevgi bəslərkən həyatımızın zəruri bir seçimidir”, - deyə Mako bildirib.

Bununla yanaşı, Mako həyat yoldaşı Keyin və ailəsinin maliyyə problemlərinin mətbuatda yayımlanmasına da münasibət bildirib. O, yalan məlumatlara fikir verməyərək onu dəstəkləyənlərə təşəkkür edib.

O, həyat yoldaşının işlədiyi ABŞ-da yaşayacaqları ilə bağlı bildirib ki, məqsədləri yeni məkanda rahat bir həyat yaşamaqdır.

“Makonu sevirəm. Həyatı sevdiyim insanla keçirmək istəyirəm. Mako ilə bu həyatda birgə addımlamaq arzusundayam”, - deyə Komuro öz növbəsində qeyd edib.

“Kyodo” agentliyinin məlumatına görə, cütlük mətbuat konfransının xərclərini özləri ödəyib. 

Bildirilir ki, onlar mətbuat konfransından sonra ABŞ-a gedənə qədər yaşayacaqları Tokiodakı mənzillərinə yollanıblar. Həmçinin qeyd olunur ki, Yaponiyada İmperator ailəsinin üzvlərinin pasportları olmur. Mako artıq sadə vətəndaş olduğundan pasport üçün müraciət edəcək. Cütlüyün noyabrın ilk yarısında ABŞ-a gedəcəyi gözlənilir.

Mako və Key Komuro 2012-ci ildən tanışdırlar və 2017-ci ildə nişanlanmaq istədiklərini elan ediblər. 2018-ci ilin fevral ayında isə Komuronun anası və anasının keçmiş nişanlısı arasında yaşanan maliyyə problemi mətbuata sızmışdı. Komuro 2019-cu ildə ailəsinin anasının nişanlısından maliyyə yardımı aldığını etiraf edib. Bildirilir ki, Komuronun təhsil xərcləri də daxil olmaqla bu vəsait 35 min dollar təşkil edir.

Komuro haqqında çıxan xoşagəlməz məlumatlara baxmayaraq, Şahzadə Mako 2020-ci ilin noyabr ayında onunla evlənmək istədiyini açıqlamışdı.

0
qafqazinfo.az