DÜNYA
12:00 / 20.09.2022
289

Arye Qut vəfat etdi

İsrailli ictimai xadim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru Arye Qut vəfat edib.

HİT.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra İsraildə dünyasını dəyişib.

Qeyd edək ki, Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi olan Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışıb.

Atye Qut 2000-ci ildə İsrailə köçüb. 2007–2009-ci illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.

Bununla yanaşı, o, İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınıb. Eyni zamanda, Arye Qut İsrailin dövlət radiosunda "Radio Reka" (rus dilində), "Reşet Bet" (ivrit dilində) və İsrailin 9 və 10 televiziya kanallarında daimi siyasi şərhçi kimi çıxış edib.

Arye Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edib, Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığa, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.

Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. O, İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının başçısı idi. Vaxtı ilə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisi olub.

2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib. Onun İsrailin Təl-Əviv şəhərindəki "Medial" nəşriyyatında "Ağrı" bədii-sənədli romanı ingilis dilində çapdan çıxıb. İsrailli müəlliflər – ata və oğul - Əmir və Arye Qutun bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilən soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur.

0