Kremlə hücum Putinin oyunudur?

DÜNYA
16:27 / 04.05.2023
758

Kreml ətrafında vurulan dron dünyanın diqqət mərkəzindədir.

Rusiya tərəfindən verilən açıqlamada Prezident Vladimir Putinin olan iqamətgahının 2 dronla Kremlin hədəf alındığı bildirilir. Hücumun arxasında isə Ukraynanın olduğu qeyd olunub. Hücum cəhdinin uğursuz olduğu və dronların məhv edildiyi vurğulanıb. 

Rusiyadan gələn bu xəbər bir anda bütün dünyada şok effekti yaradıb. Çünki iddialara görə birbaşa Prezident Vladimir Putin hədəf seçilmişdi. Üstəlik, bunun görüntüləri də mətbuatla paylaşıldı. Buna baxmayaraq, iddianın həqiqiliyi şübhə doğurmağa başladı. Elə Ukrayna da belə bir hücum etmədiyini və bunun Rusiyanın növbəti uydurması olduğunu açıqlaması təəccüblə qarşılanmadı.

Ümumiyyətlə, hərbi ekspertlərin fikrincə Ukraynanın belə bir hücum etmək potensialı yoxdur. Düzdür, bir neçə gün öncə Krıma ciddi zərbələr endirildiyini unutmaq olmaz. Amma bu məqamda bir şeyi də nəzərə almaq lazımdır ki, Ukraynanın Krımı vurmaq şansı kifayət qədər yüksəkdir. Üstəlik, bunun üçün rəsmi Kiyevin önündə heç bir əngəl yoxdur. İstər Prezident Vladimir Zelenski, istər ABŞ, istərsə də NATO tərəfindən verilən bəyanatlarda Krımın hər zaman hədəf olduğu xüsusi vurğulanır. Üstəlik, Ukrayna tərəfindən verilən açıqlamalarda Krımın vurulduğu təsdiqləndi. Amma Kremldəki vəziyyət fərqlidir. İlk növbədə, ABŞ-ın Ukraynaya dəfələrlə Rusiyanın daxilinə zərbə endirməməsi barədə xəbərdarlıqlar etdiyi hər kəsə məlumdur. Prezidentlər Co Bayden və Vladimir Zelenski arasında da bu barədə razılaşmanın olduğunu qeyd etmək yerinə düşər. Onu da xatırlatmaq lazımdır ki, ABŞ Ukraynaya verdiyi silahların mənzilini Rusiyanın daxilinin vurula bilməyəcəyi şəkildə azaldır. NATO-Rusiya müharibəsinin baş verməsini əngəlləmək üçün bu addımın atıldığı açıqlanır.

Yəni belə bir vəziyyətdə Ukraynın Kremli hədəf almağı heç inandırıcı görünmür. Üstəlik, Ukraynanın əlindəki dronların ən yüksək mənzili 500 kilometrdir. Ukraynadan Kremlə olan məsafə isə minlərlə kilometrdir. Yəni onların əlində Moskvaya gedəcək bir dron yoxdur.

Rusiyanın daxilinə belə zərbə endirməsinə icazə verilməyən, Ukrayna hərbçilərinin birbaşa Vladimir Putini hədəf seçməyi sadəcə ağılsızlıq olardı. Çünki dron məhv edilməsə və Kremlə hansısa bir zərər dəysəydi indi tamam başqa şeylər danışardıq. Əlbəttə ki, ruslar bundan maksimum istifadə edər və dünyanı ayağa qaldırardılar. Üstəlik, qarşılıq olaraq Ukraynaya bəlkə də müharibə başlayandan ən sərt zərbəni endirərdilər. Hücum nəticəsində Putinin yaralandığı və hətta öldüyü ssenaridə isə nələr ola biləcəyini təsəvvür etmək belə qorxuncdur. Təbii ki, bu, nüvə silahından istifadəyə və üçüncü dünya müharibəsinə gətirib çıxarardı. 

Hadisələrə diqqətlə fikir vermək lazımdır. Birincisi, bunun Ukraynanın əks-hücum əməliyyatlarına start verdiyi vaxtda baş verməsi nəzərə çarpır. İkincisi, Rusiyanın Baxmutda ciddi itkilər verdiyi və işğal etdiyi bəzi kəndləri itirməsindən sonra Kremlə hücumun olması diqqəti başqa yönə çəkir. Üçüncüsü, hücum sanki əvvəlcədən ən incə detallarına qədər hazırlanıb görüntüsü yaradır. Yəni dronun Kremlə qədər çatması, hədəfə az qalmışkən vurulması, həmin anın çəkilməsi, Putinin orada olmaması və heç kimin xəsarət almaması şübhə doğurur. Dördüncüsü, hazırda Moskvanın, Kremlin və Vladimir Putinin ən pik səviyyədə qorunduğunu çox gözəl bilirik. Dolayısı ilə Ukraynadan gələn dronun Kremlə qədər gəlib çatması mümkün deyil. Əmin olun ki, dron Kremlə qədər ən azı 50 fərqli yerdə vurular. Beşincisi və ən nəhayəti isə bunun ən çox Rusiyaya yaranmasıdır. Putin bununla növbəti dəhşətli hücumları üçün özünə bir əsas yaradır və Ukraynanın "faşist bir rejim" tərəfindən idarə olunduğu fərziyyəsini təsdiqləməyə cəhd göstərir. Rəsmi Moskva demək istəyir ki, əgər biz onların qarşısını almasaq Kremlə qədər gəlib, Putini vurarlar. Bununla da, Ukraynanın, dolayısı ilə ABŞ-ın Rusiyanı məhv etmək istədiyi görüntüsünü yaratmağa çalışır. Aydın məsələdir ki, bu, daxili auditoriya üçün hesablanmış bir gedişdir. Vladimir Putin "vəhşi bir düşmən" obrazı yaradaraq, bütün diqqətləri ona yönəltmək və bundan maksimum faydalanmaq istəyir. Güman ki, bunun kimi hadisələri qarşıdakı zamanlarda yenə görə bilərik. Çünki müharibə hərbi meydanla yanaşı, informasiya cəbhəsində də gedir...

Pərviz

0