Afrikada \"su böhranı\": Misir, Sudan və Efiopiya anlaşa bilmir

15:28 / 25.05.2023
365

Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd ölkəsinin Hedasi su anbarının doldurulması üçün Efiopiya ilə razılaşdığına dair iddiaları təkzib edib.

HİT.az xəbər verir ki, Əbu Zeyd, Efiopiyanın "Hedasi bəndinin doldurulması prosesinin detallarının Misir və Sudan ilə razılaşdırıldığı" ilə bağlı açıqlaması ilə bağlı bəyanat yayıb.

Əbu Zeyd Efiopiya tərəfinin bəyanatını “həqiqi olmayan iddialar” kimi qiymətləndirərək, buna görə “üzgün olduqlarını” bildirib:

“Hedasi su anbarının doldurulması prosesi və ya saxlanacaq suyun miqdarı ilə bağlı Efiopiya ilə razılaşmamışıq. Ərəb Liqasının Misir və Sudanın Hedasi su anbarı məsələsində mövqeyini dəstəklədiyi barədə bəyanatından sonra Efiopiya Xarici İşlər Nazirliyinin mayın 22-də verdiyi açıqlama faktları təhrif edən səhvlərlə doludur". 

Efiopiyanın Misir və Sudanın da onların hüquqlarına hörmət etdiyinə dair açıqlamalarına toxunan Əbu Zeyd "Bu da danışıqların 10 ildən çox davam etməsi faktı ilə ziddiyyət təşkil edir", deyib.

Efiopiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Misir və Sudan ilə Hedasi su anbarının doldurulma vaxtı, saxlanacaq suyun miqdarı və digər detallar barədə razılığın əldə edildiyi bildirilmişdi.

Efiopiya, Misir və Sudan Hedasi su anbarı ilə bağlı 10 ildən çoxdur ki, anlaşa bilmir. Nil sularının təxminən 80 faizi öz ərazisindən qaynaqlansa da, yalnız 3 faizindən faydalana bilən Efiopiya 2 aprel 2011-ci ildə Afrikanın ən böyüyü olacaq Hedasi su anbarının tikintisinə başlayıb.

Sudan-Efiopiya sərhədinə yaxın bir bölgədə, Nil çayının 85 faizini qidalandıran Mavi Nil qolu üzərində tikildiyi üçün su anbarı böyük əhəmiyyət kəsb edir. Efiopiya Hedasi su anbarı ilə enerji kəsirini bağlamağı və elektrik enerjisini satmağı hədəfləyir.

Əddis-Əbəbə rəhbərliyi Misir və Sudanla razılığa gəlməməsinə baxmayaraq, anbarın doldurulmasında israrlı olsa da, Qahirə və Xartum administrasiyaları Nil suyunun tərəfdaş ölkəyə düşən illik payının təsirlənməməsi üçün ilk növbədə üçlü razılaşmanın əldə edilməsi lazım olduğunu vurğulayır.

Reaksiyalara baxmayaraq, ilk doldurma prosesinin 2020-ci ilin iyul ayında həyata keçirildiyi anbarda ilk dəfə 20 fevral 2022-ci ildə elektrik enerjisi istehsalına başlanılıb.

Samir

0