Belçikada aparılan korrupsiya araşdırması ilə bağlı Avropa Parlamentinin (AP) ən tanınmış siması olan yunan millət vəkili Eva Kailinin elektron qandallarının çıxarılmasına və tamamilə sərbəst buraxılmasına qərar verilib.
HİT.az xəbər verir ki, Brüssel Prokurorluğundan verilən açıqlamada, təxminən 4 aya yaxın həbsxanada saxlanılan və aprel ayında şərti azadlığa buraxılan Kailinin həbs müddətinin başa çatdığı bildirilib. Açıqlamada Kailinin elektron qandallarının çıxarıldığı qeyd edilib.
Korrupsiya, rüşvət və çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində dekabr ayında həbs edilərək həbsxanaya göndərilən Kaili aprelin 14-də həbsxanadan çıxaraq AP yaxınlığındakı evinə gedib. AP ilə bağlı istintaq çərçivəsində həbs edilən keçmiş vitse-prezident Eva Kaili istintaq çərçivəsində azadlığa buraxılan sonuncu məhbus olub.
İstintaqı aparan Belçika səlahiyyətliləri bəzi Avropa Parlamentinin üzvlərini və işçilərini rüşvət müqabilində digər ölkələrin adından AP-də iqtisadi və siyasi qərarların qəbuluna təsir etmək üçün öz nüfuzlarından istifadə etməkdə ittiham edir. İttihamlarda adı keçən Qətər və Mərakeş iddiaları rədd edir.
Kaili ilə yanaşı, onun sevgilisi, AP işçisi Françesko Giorgi, keçmiş İtaliya AP deputatı Pyer Antonio Panzeri və qanunun aliliyi məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatının direktoru Nikolo Fiqa-Talamanka dekabr ayında istintaq çərçivəsində saxlanılıb. Bəzi evlərdə aparılan axtarışlar zamanı 1,5 milyon avro nağd pul ələ keçirilib.
Panzerinin etiraflarından sonra Belçika hakimiyyəti AP-nin belçikalı deputatı Mark Tarabella və italiyalı deputat Andrea Kozzolino da daxil olmaqla istintaqı genişləndirib və iki deputatın toxunulmazlığı ləğv edilib. Tarabella Belçikada, Kozzolinoda isə İtaliyada saxlanılıb.
İstintaq zamanı saxlanılan və həbs edilənlərin hamısı elektron qandalla ev dustaqlığına buraxılıb. Kozzolino da Neapolda ev dustaqlığında idi.
Samir