Dünya nüvə müharibəsinə doğru gedir?

DÜNYA
14:25 / 26.05.2023
724

Kreml nüvə silahı ilə bağlı dünyanı şoka salan addımlarına davam edir.

Artıq Rusiya tərəfindən Belarusa taktiki nüvə silahları yerləşdirilməyə başlanılıb. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko da açıqlayıb. 

O, nüvə silahlarının təhlükəsizliyinə təminat verib:
“Nüvə silahları ilə bağlı narahat olmayın. Buna görə biz məsuliyyət daşıyırıq. Bunlar ciddi məsələlərdir. Burada hər şey qaydasında olacaq”.

Qeyd edək ki, Lukaşenkonun bu açıqlamasına baxmayaraq, Vladimir Putinin addımı nüvə müharibəsi ehtimalını bir daha gündəmə gətirib. Yəni bu, Rusiyanın nüvə silahına əl ata biləcəyini yenidən göstərib. 

Maraqlıdır, proseslər nüvə müharibəsinə doğru gedir? Bu təhlükə artıq realdır?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Belarusa nüvə silahlarının yerləşdirilməsi gözlənilən idi:

326653

"Çünki Ukrayna müharibəsi başlayandan Rusiyanın NATO-nun qarşısını alınması ilə bağlı hədəfləri puç oldu. Rəsmi Moskva Ukraynanın NATO-ya üzv olmasını əngəlləsə də, Finlandiyanın alyansa üzv olması ilə faktiki olaraq öz sərhədlərinin daha böyük hissəsində NATO dövlətinin olmasını əngəlləyə bilmədi. Bu baxımdan, Rusiya Prezident Vladimir Putinin timsalında bir növ özünü sığortalamaq və dünyaya güc nümayiş etdirmək üçün ən yaxın müttəfiqi olan Belarusda nüvə silahlarının yerləşdirilməsinə qərar verdi".

Ekspert bunun nüvə müharibəsinə gətirib çıxaracağını söyləməyin mümkün olmadığını desə də, təhlükənin var olduğunu vurğulayıb:

"Belə bir təhlükə mövcuddur. Ona görə ki, Rusiya müharibədə məğlub olacağı və Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə, son ümid kimi nüvə silahından istifadə edə bilər. Amma radiasiyası demək olar ki, olmayan, kiçik tutumlu və ancaq müəyyən ərazilərdə dağıntılara səbəb olacaq taktiki nüvə silahlarından istifadə ilə bağlı qərar verilə bilər".

Politoloq diqqətə çatdırıb ki, belə bir qərar digər dövlətlərin də nüvə silahından istifadəsinə gətirib çıxara bilər:

"Nəticə etibarilə, böyük fəlakət meydana gələ bilər. Ona görə də indiki mərhələdə təhlükənin konkret olaraq nə dərəcə olduğunu demək çətindir. Normal siyasi lider və ölkə başçısından söhbət getsəydi tam məsuliyyətlə belə bir təhlükənin gözlənilmədiyini demək olardı. Amma söhbət Putindən gedir. O, addımları adekvat olmayan və öz istədiyini edən şəxsdir. İstənilən halda, nüvə silahı varsa, kimin əlində olmasından asılı olmayaraq, belə bir təhlükə həmişə mövcuddur".

Pərviz

0