Rusiya Ukraynanı \"ən sərt tədbirlərlə\" hədələdi

20:30 / 30.05.2023
309

Rusiya Xarici İşlər Nazirliyi mayın 30-da Moskvaya pilotsuz təyyarə hücumundan sonra açıqlama yayıb.

HİT.az xəbər verir ki, XİN Ukraynanı Rusiya paytaxtına zərbə endirmək cəhdində ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyi pilotsuz təyyarələrin Moskva və Moskva vilayətinə hücumunu “Ukrayna Silahlı Qüvvələrinin terror hücumlarına cəhdi” adlandırıb. İddia edilib ki, 8 PUA-nın hamısı Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Eyni zamanda, bəzi pilotsuz təyyarələrin çoxmərtəbəli yaşayış binalarının üzərinə düşməsi də etiraf edilib.

Bildirilir ki, Rusiya İstintaq Komitəsi bu faktla bağlı cinayət işi açıb. Rusiya Xarici İşlər Nazirliyi hücumların “Kiyev rejimi” tərəfindən həyata keçirildiyinə əmindir:

"Bu hücumlar neonasist Kiyev rejimi tərəfindən planlaşdırılıb və həyata keçirilib, onlar üçün terror aktlarının üsullarından istifadə pis praktikaya çevrilib. Onlat uzun müddətdir və açıq şəkildə Moskvaya qarşı "qisas zərbələri"nə çağırıblar".

Rusiya XİN əmindir ki, “Kiyevi Qərbi belə hərəkətlərə sövq edib”. Rəsmi Moskva bildirib ki, NATO rəsmilərinin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməyəcəyi ilə bağlı bəyanatları “ikiüzlülükdür”.

“Rusiya tərəfi Kiyev rejiminin terror aktlarına cavab olaraq ən sərt tədbirlər görmək hüququnu özündə saxlayır”, deyə Xarici İşlər Nazirliyi qeyd edib.

Qeyd edək ki,30 may 2023-cü ildə pilotsuz təyyarələr Moskva və Moskva vilayətinə hücum edib. Səhər saatlarında Moskva və Moskva vilayətində partlayış səsləri eşidilib. Rusiya Müdafiə Nazirliyi ümumilikdə 8 pilotsuz uçan aparatın olduğunu, onların hamısının Rusiya paytaxtına yaxınlaşarkən vurulduğunu elan edib.

Samir

0