CHP-də nə baş verir?

DÜNYA
17:32 / 31.05.2023
569

Türkiyədə keçirilən seçkilərdəki məğlubiyyətin ardından gözlər "Millət İttifaqı"na çevrilib.

Həm parlament seçkilərində, həm də prezident seçkilərində məğlub olan "Millət İttifaqı"nda vəziyyət olduqca gərgindir. Xüsusilə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun hər iki turda da Rəcəb Tayyib Ərdoğanı keçə bilməməyi müxalifət düşərgəsində etirazlara səbəb olub. Ən çox etiraz isə CHP daxilində yaşanır. Artıq günlərdir davamlı olaraq Kılıçdaroğlunun istefası tələb olunur. Onun 13 ildir partiyaya rəhbərlik etdiyi dönəmdə girdiyi bütün seçkilərdə məğlub olması seçicilərin və partiya üzvlərinin  narazılığına səbəb olub. Əslində elə seçki gecəsi CHP sədrinin istefa verməsi gözlənilsə də, o, keçirdiyi mətbuat konfransında yoluna davam edəcəyini açıqladı. Bu isə təpkilərin daha da artmasına gətirib çıxardı. Partiya üzvləri Kamal Kılıçdaroğlunun bir an əvvəl istefa verməsini və onun yerinə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun keçməsini istəyirlər. Üstəlik, bunu açıq şəkildə söyləyirlər. Son günlərdə bir neçə CHP-li bələdiyyə sədrinin və partiyanın mühüm simalarının bu istiqamətdə paylaşımlar etdiyini xatırlatmaq yerinə düşər. Bütün bunlarla yanaşı, Əkrəm İmamoğlunun verdiyi mesajlar da diqqət çəkir. O, seçkinin həmən ardından "Dəyişməyən tək şey dəyişimdir. Eyni şeyləri edərək, fərqli nəticələr gözləyə bilmərik" dedi.

İmamoğlu Kılıçdaroğlu və CHP-yə ünvanlandığı mesajlarına keçirdiyi mitinqdə də davam etdi:
"Bu ölkədəki dəyişiklik iradəsini yenidən inşa etməyə məcburuq. İndi o yolda daha sürətli qaçacam".

Göründüyü kimi İmamoğlu da aldığı dəstək fonunda üstüörtülü də olsa CHP sədrliyinə iddialı olduğunu göstərən çıxışlar etməyə başlayıb. Onu da əlavə edək ki, ötən gün CHP-nin 40 bələdiyyə sədri İmamoğlunu partiyanın başına keçməyə çağırıb.

Ümumiyyətlə, Kamal Kılıçdaroğlu ilə Əkrəm İmamoğlu arasında mübarizə gözlənilirmi?

Hal-hazırda CHP-də və müxalifət düşərgəsində ən çox verilən sual da məhz budur. Lakin partiyaya və hər iki liderə yaxın şəxslər belə bir prosesin yaşanmayacağını əminliklə söyləyirlər. Birincisi, Əkrəm İmamoğlunun davam edən məhkəmə prosesi var və qərar təsdiqlənsə siyasətdən məhrumetmə cəzası alacaq. Bu isə o deməkdir ki, belə olan halda İmamoğlu nə bələdiyyə, nə də CHP sədri ola bilməz. Onun qarşısını kəsən ən böyük maneənin də məhz bu olduğu vurğulanır. İkincisi, Əkrəm İmamoğlunun Kamal Kılıçdaroğlunun qarşısına çıxmayacağı proqnozlaşdırılır. Nəzərə alaq ki, onlar, hər zaman "ata-oğul" münasibətində olduqlarını bildiriblər. Həm bu, həm də digər faktorlara görə İmamoğlunun Kılıçdaroğlunun namizəd olacağı bir seçkidə mübarizəyə qoşulacağı gözlənilən deyil. Yəni Kılıçdaroğlu istefa verərək geri çəkilər və ya İmamoğlunu dəstəkləyərsə, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrinin CHP sədrliyi uğrunda mübarizəyə qoşulacağını demək mümkündür. İndiki şəraitdə isə onun bu hədəfinə doğru yavaş və sakit addımlarla gedəcəyini təxmin edə bilərik.

Bəs CHP qurultaya gedəcək?

Yaxın aylarda CHP-nin qurultaya getməsi gözlənilir. Amma ilkin məlumatlara görə, Kamal Kılıçdaroğlu qurultayda yenidən namizəd olacaq. Əkrəm İmamoğlunun isə yuxarıda sadalanan səbəblərdən dolayı namizəd olmayacağı aydındır. Həmçinin, İmamoğlunun gələn il keçiriləcək bələdiyyə seçkilərindən öncə belə bir yarışa girməyəcəyi də ehtimal olunur. Qarşıdakı seçkidə Kılıçdaroğlunun ya tək namizəd olacağı, ya da nüfuzu zəif olan bir rəqiblə mübarizə aparacağı gözlənilir.

Qurultay keçirilməsindəki məqsəd partiyanın idarə heyətinin yenilənməsi və bununla da "dəyişiklik" mesajının verilməsidir. Kılıçdaroğlu bununla onu istefaya səsləyənləri də "susdurmağı" planlayır. Yəni onun "İstefa tələblərinə görə qurultaya getdim, yenidən seçildim. Bundan sonra da yola davam" bənzəri bir açıqlama verəcəyi proqnozlaşdırılır. Bütün bu sualların cavabını isə yaxın zamanda öyrənəcəyik.

Pərviz

0