İranın parçalanması başladı: "Yaxın vaxtlarda müstəqillik uğrunda..."

DÜNYA
12:35 / 13.06.2023
599

İrandakı etirazlar daha da genişlənib.

Artıq daxili parçalanmanın ilkin elementləri müşahidə olunmağa başlayıb. Belə ki, Luristan əyaləti də İrandan müstəqillik tələb edib. Luristan əhalisi molla rejiminə qarşı çıxaraq, "İrlandiya Böyük Britaniyanın müstəmləkəsindən çıxdığı kimi, Luristan da İrandan azad olacaq", "Luristan İranın müstəmləkəsi deyil", "Lur milləti müstəqillik istəyir!" kimi şüarlar səsləndiriblər.

Maraqlıdır, İranın parçalanmasına start verilib? Müstəqillik uğrunda mübarizələr daha da genişlənəcək?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, İranda milli zəmində kütləvi etirazların başlaması və müstəqillik təmayüllərinin getdikcə fəal şəkildə üzə çıxması qarşıdakı perspektivlərdən biridir:

327957

"Çünki, İran imperialist ölkə olaraq özündən kənarda müəyyən əraziləri müstəmləkəsi kimi saxlayan dövlət statusunda olmasa da, çoxmillətli ölkədir. Bu gün İran rejiminin tabeliyində yaşayan xalqların müəyyən bir qisminin özünün keçmişdə dövlətçilik tarixi və ənənələri olub. Buraya həm 18-19-cu əsrə aid olan dövlətləri və xanlıqları, həm də Cənubi Azərbaycanda öz dövlət müstəqilliyini elan etmiş Azərbaycan Azadıstan dövlətini aid etmək olar. Həmçinin, digər xalqların da ən qədim dövrlərdə İran ərazisində müxtəlif dövlətləri olub. 

Ona görə də bu gün İranda mövcud rejimə qarşı sosial və hüquqi şəkildə başlayan etirazların yaxın vaxtlarda milli etirazlar, eləcə də müstəqillik uğrunda mübarizələrə çevrilmə ehtimalı böyükdür. Bu nöqteyi-nəzərdən İranın Luristan vilayətində, ərəblərin və lurların əksəriyyət təşkil etdiyi Xuzistanda və Bəlucistanda etiraz aksiyalarının, müstəqillik hərəkatının başlayacağı istisna deyil. Təbii ki, Cənubi Azərbaycan böyük mübarizə ənənələri olan diyardır. Digərləri də bu hərakata qoşula bilərlər".


Politoloq vurğulayıb ki, molla rejimi xalqların milli azadlıq hüquqlarını əllərindən alıb:

"Orada insan haqlarının pozulması ilə yanaşı, toplu hüquqlar da pozulur. Üstəlik, İranda yaşayan xalqların öz milli kimliklərini saxlamaq imkanları da çox məhduddur.

Luristan xalqı qədim köklərə malikdir, özlərinin ayrıca dilləri var. İran rejimi digər xalqlar kimi lur xalqına da öz ana dilində yazmağı, oxumağı qadağan edib. Amma lur xalqı 5-6 milyona yaxın böyük bir qüvvədir. Bu gün də onların milli-mədəni hüquqlarının legitimləşdirməsi, habelə müstəqillikləri uğrunda mübarizəyə başlamaları üçün ciddi əsaslar var".

Aydın Quliyev diqqətə çatdırıb ki, İranda insanların milli mənsubiyyətini ikinci plana keçirən bir rejim qurulub:

"İran rejimi özünün dini ideologiyasını hamıya qəbul etdirmək istəyir. Həmçinin, molla rejimi orada yaşayan insanlara milli-etnik mənsubiyyətlərini unutdurmağa çalışır. Bu siyasət lur xalqına qarşı da aparılır. Lur xalqının milli özünüdərk prosesindən kənarda saxlanması, milli xüsusiyyətlərini yaşatmaq imkanından məhrum edilməsi və qədim tarixə malik olmaları onu deməyə əsas verir ki, onlar da nəhayət İrana qarşı böyük mübarizəyə başlayacaq".

Pərviz

0