Putinin Priqojini Belarusa göndərməkdə məqsədi nədir? - ŞƏRH

DÜNYA
13:02 / 21.07.2023
711

Yevgeni Priqojinin rəhbərlik etdiyi "Vaqner" özəl hərbi şirkətinin Belarusa göndərilməsi ilə bağlı müəmma davam edir.

Son olaraq, Priqojinin "Vaqner" ordusunu Belarusda qarşıladığı videogörüntülər yayımlandı. O, Belarusu dünyanın ən güclü ikinci ordusu edəcəklərini iddia edib. Priqojin həmçinin "Vaqner"in hər zaman döyüşlərə hazır olacağını da deyib.

Ümumiyyətlə, "Vaqner" ordusunun Belarusa göndərilməsinin əsas məqsədi nədir? Putin Priqojin vasitəsilə Belarusu da müharibəyə cəlb etməyə çalışır?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin qiyamı şoudan başqa bir şey deyildi:

"Buna siyasi terminologiyada nəzarətli xaos da deyirlər. Avtoritar rejimlərin hökm sürdüyü ölkələrdə mərkəzi hakimiyyət buraxdığı səhvlər fonunda xaricdən və ya daxildən ona təhdid yaradacaq ünsürləri müəyyən etmək üçün belə bir yola baş vurulur. Rusiya Prezidenti Vladimir Putin də eynilə bunu etdi. Çünki Ukrayna müharibəsinin uzanması daxildə ciddi narazılıq yaradıb. Xüsusilə hərbi və siyasi elita müharibə tərəfdarları və müharibə əleyhdarları olmaqla iki hissəyə bölünüb. Putin rəqiblərini müəyyən etmək üçün məhz belə bir oyun oynadı".

330400

Politoloq hesab edir ki, "Vaqner"in Belarusa göndərilməsi də təsadüfi deyil:

"Birincisi, "Vaqner" hazırda Rusiyaya bağlı özəl bir şirkət kimi fəaliyyət göstərmir. Sonuncu qiyam şousundan sonra Kreml məsuliyyəti üzərinə daha götürməyəcəyini bəyan etdi. "Vaqner"in Belarusda olması bu baxımdan Baltikyanı ölkələr və Polşaya bir gözdağıdır. Yəni bu ölkələr Kremlə qarşı yalnış bir hərəkət etsə, Priqojin addım atacaq. Ancaq məsuliyyəti Rusiya daşımayacaq. 

İkincisi, "Vaqner"in Belarusa göndərilməsi Aleksandr Lukaşenko hakimiyyətini qorumaq məqsədi də daşıyır. Məlum olduğu kimi, Belarusa Qərbdən dəstək alan müxalif qruplar var. Hətta onların silahlı qanadları da mövcuddur. Nəzərə almaq lazımdır ki, Lukaşenkonun varlığı Putin üçün önəmlidir. Bu baxımdan Kreml rəhbəri "Vaqner" vasitəsilə Avropanın son diktatorunu ayaqda tutmağa çalışır".

Ekspert vurğulayıb ki, Lukaşenko hər nə qədər Putinə sadiq olsa da, iradə baxımından zəif insandır:

"Yəni Qərb tərəfindən rahatlıqla təsir altında alına bilər. Hətta Belarusun müəmmalı şəkildə həyatını itirən keçmiş xarici işlər naziri vasitəsilə rəsmi Minskin Qərblə təmas qurması da məlumdur. Putin Lukaşenkonu itirməmək üçün "Vaqner" vasitəsilə onu nəzarətdə saxlamağı düşünür".

Pərviz

0