Putin Fransanı Afrikadan çıxarır - ŞƏRH 

DÜNYA
14:25 / 08.08.2023
732

"Niger Afrikanın qeyri-sabit ölkələrindən biri hesab edilir".

Bunu HİT.az-a açıqlama verən politoloq Turan Rzayev deyib.

O xatırladıb ki, Nigerdə vaxtaşırı hərbi qiyamlar baş verib:

"Ölkə tarixinə nəzər saldıqda 1974, 1996, 1999, 2010 və son olaraq 2023-cü ildə toplam 5 dəfə hərbi qiyamın baş verdiyini görə bilərik. Sonuncu hərbi qiyamda diqqətçəkən odur ki, bunun ardınca Fransa ilə Niger arasındakı münasibətlər korlanmağa başlayıb. Xüsusilə də inqilabçı Əbdürrəhman Çiani rəsmi Parisin müstəmləkə siyasətinə etiraz edərək Fransa ilə imzalanan bütün müqavilələri ləğv etdi. Üstəlik, bu hərbi çevrilişdən sonra keçirilən aksiyalarda iştirakçıların əllərində Rusiya bayraqlarının və Prezident Vladimir Putinin portretlərinin olması da diqqət çəkdi".

Politoloq qeyd edib ki, Nigerdəki qiyamın arxasında Rusiya dayanır:

331537

"Qiyam sonrası baş verən hadisələr pərdəarxasında Rusiyanın olduğunu göstərir. Üstəlik, rəsmi Moskva Nigerə iqtisadi və hərbi cəhətdən də yardım edir. "Vaqner" özəl hərbi şirkətinin muzdlularının Afrikanın bir çox ölkəsinə olduğu kimi, Nigerə də göndərildiyini nəzərə almaq lazımdır. Hansı ki, "Vaqner" həmin ölkələrdəki mövcud hakimiyyətlərə də dəstək verir.

Ümumiyyətlə, son zamanlarda başda Fransa olmaqla, Avropa ölkələrinin Afrikadakı mövqeləri zəifləyib. Bununla paralel olaraq isə Afrikada Rusiya, Çin, Türkiyə, Hindistan və İran kimi ölkələrin mövqeləri güclənməyə başlayıb. Xüsusilə Rusiya Afrikanın bir çox ölkəsinə həm hərbi, həm də iqtisadi baxımdan yardımlar edir. Ona görə bu baş verən qiyam da Qərblə Rusiya arasındakı toqquşmanın da bir növüdür".

Ekspert onu da əlavə edib ki, Niger Fransanın əsas tərəfdaşlarından biridir:

"Kreml Qərbin Ukraynaya dəstək verməsi və Rusiyanın "arxa baxça"sı hesab olunan regionlara müdaxilə edilməsinə etiraz olaraq Afrikaya müdaxilə etdi. Elə Nigerin özü də Fransanın ən önəmli tərəfdaşlarından hesab olunur. Hətta Niger dünyada uran ehtiyatları üzrə 4-cü sırada olan ölkədir. Həmin ehtiyatlar da Fransaya ixrac edilir. Fransanın atom elektrik stansiyalarının 70 faizinə yaxını məhz Nigerin uran ehtiyatları hesabına çalışır. Ona görə də Nigerlə münasibətlərin pozulması rəsmi Parisin maraqlarına ciddi zərbə vurur".

Turan Rzayevin sözlərinə görə, Rusiya Fransanı Afrikadan çıxarmağa çalışır: 

"Hesab edirəm ki, qarşıdakı günlərdə Nigerdə lokal toqquşmanın şahidi ola bilərik. Nəzərə almaq lazımdır ki, rəsmi Paris Afrikadakı tərəfdaşları üzərindən Nigerə xəbərdarlıq edib. Hətta ölkəyə hərbi müdaxilə də ola bilər. Bu isə Kremlin maraqlarına uyğundur. Çünki Fransanın başının Afrikada qarışması və digər Avropa ölkələrinin də ora diqqət ayırması Ukrayna müharibəsində müəyyən fasilənin yaranmasına gətirib çıxara bilər. Rusiya da yaranan bu fasilədən istifadə etməyi hədəfləyir".

Xatırladaq ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb. Hərbi çevrilişin rəhbəri general Əbdürrəhman Çiani özünü ölkənin yeni rəhbəri elan edib.

Pərviz

0