Zelenski Zalujnını "ofsayt"a saldı: Hakimiyyət yolunu BAĞLADI

DÜNYA
15:09 / 09.02.2024
510

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı vəzifəsindən kənarlaşdırılıb. 

Beləliklə, uzun müddətdir söylənilən iddialar təsdiqini tapıb. Zalujnının vəzifəsindən kənarlaşdırıldığını isə Ukrayna Prezidenti Volodomir Zelenski şəxsən özü elan edib. O, Zalujnının komandasının bir parçası olaraq qalmasını istədiyini deyib. 

İndi isə Valeri Zalujnının Böyük Britaniyaya səfir göndəriləcəyi barədə ehtimallar daha da artıb. Xatırlayaq ki, bir müddət əvvəl Ukrayna dumasının deputatı Yevgeni Şevçenko da onun bu təklifi qəbul etdiyini demişdi.

Bəs Prezident Volodomir Zelenskiyə ən böyük alternativ namizəd olaraq ön plana çıxan Zalujnının vəzifəsindən kənarlaşdırılmasını və Böyük Britaniyaya səfir göndəriləcəyini necə dəyərləndirirmək olar? Zelenski bununla potensial rəqibini mübarizədən kənarlaşdırdı? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, burada əsas təyinedici qüvvənin Prezident Volodimir Zelenski olduğunu nəzərə almaq lazımdır:

343429

"O isə əlbəttə ki, özünə alternativ namizəd yetişdirməyəcək. Ona görə də Valeri Zalujnını vəzifəsindən kənarlaşdırdı. Əslində bunu Zalujnının sürgünə göndərilməsi kimi görə bilərik. Yəqin ki, Zalujnının mövqeyi Böyük Britaniya tərəfindən o qədər də dəstəklənmir. Britaniya hökumətinin gələcəkdə ona dəstək verəcəyi də sual altındadır. Çünki Zalujnı müharibəni dayandırmağın tərəfdarı idi.

Ancaq Böyük Britaniya və ABŞ-nin mövqeyi isə müharibənin davam etməsindən ibarətdir. Onlar, buna görə Zelenski hakimiyyətinə dəstək verirlər. Hətta Zelenskinin arxasında duranların Böyük Britaniya və ABŞ olduğunu nəzərə almaq lazımdır. Ukraynanı ən çox silah-sursat, hərbi texnika və maliyyə cəhətdən təmin edən də həmin iki ölkədir".

Ekspert qeyd edib ki, Zelenski Zalujnını Böyük Britaniyaya səfir göndərməklə onu mərkəzdən uzaqlaşdıracaq:

"Böyük ehtimalla, Ukrayna daxilində də artıq atəşkəs vaxtı olduğunu düşünənlər çoxdur. Onlar, artıq Qərbdən lazım olan dəstəyi ala bilməməkdən gileylənirlər. Atəşkəsin və Rusiya ilə danışıqların başlamasını istəyən qruplar isə Valeri Zalujnının ətrafında birləşə bilərdilər. 

Düşünürəm ki, Zelenski bunun qarşısını almaq üçün həmlə etdi. Əslində bununla Zalujnının hakimiyyətə alternativ formalaşdırmasını və ya narazı kütləni ətrafına yığmasını əngəlləndi". 

Pərviz

0