Reuters: Çin İsveçrədə keçiriləcək sülh sammitinə alternativ hazırlamağa başlayıb

DÜNYA
17:25 / 13.06.2024
330

Çin İsveçrədə Ukrayna üzrə sülh konfransına alternativ təşkil etməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, “Reuters” bu barədə adı açıqlanmayan diplomatlara istinadən yazıb.

Agentliyin mənbələrinin məlumatına görə, Çin tərəfi hazırda İsveçrə konfransında iştirak edən ölkələrin hökumətlərini Ukraynadakı münaqişənin həlli üçün alternativ planda iştirak etmək üçün lobbiçilik edir.

“Reuters”in həmsöhbətləri qeyd edirlər ki, “inkişaf etməkdə olan ölkələrin” nümayəndələri ilə söhbətdə Çin tərəfi İsveçrə konfransını açıq şəkildə tənqid etməyib və konfransda iştirakdan çəkinməyi xahiş etməyib. Mənbələrdən biri bildirib ki, Pekin digər hökumətləri Rusiyasız sammitin silahlı münaqişəni uzadacağına inandırır. Başqa bir mənbəyə görə, çinli diplomatlar qərbli həmkarları ilə söhbətlərində “inkişaf etməkdə olan ölkələrin” Pekinin sammitlə bağlı fikirləri ilə razılaşdıqlarını bildiriblər.

“Reuters” yazır ki, İsveçrədəki sammit yaxınlaşdıqca Çin xarici dövlət adamları ilə görüşlərini artırıb, telefon zəngləri də tez-tez olub, Çinin WeChat platformasında xarici nümayəndəliklərə göndərilən mesajların sayı artıb. Nümunə olaraq agentliyin həmsöhbətləri Pekinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərlərini göstəriblər - bütün bu səfərlər son bir ay ərzində həyata keçirilib.

Çinin təşkil etməyə çalışdığı alternativ, "Reuters" agentliyinin yazdığı kimi, münaqişənin hər iki tərəfinin iştirak edəcəyi sülh konfransının keçirilməsidir. Çin bu konfransın planını may ayında Braziliya ilə birgə hazırlayıb. O, altı bənddən ibarətdir, birincisi hərbi əməliyyatların dayandırılmasıdır.

“Reuters”in materialında bildirilir ki, Çinin İsveçrədə keçirilən sammitdə iştirak edən ölkələrə təsir miqyasını müəyyən etmək çətindir. Eyni zamanda, qeydiyyatdan keçən konfrans iştirakçılarının sayı azalıb. İyunun əvvəlində 107 ölkə iştirakını təsdiqləyib; hazırda qeydiyyatdan keçmiş ölkələrin sayı 90-dır.

İyunun 10-da Çinin xarici işlər naziri Vanq Yi BRICS ölkələrinin xarici işlər nazirlərinin Nijni Novqorodda keçirilən görüşündə bildirib ki, Çin Ukrayna üzrə münaqişənin hər iki tərəfinin iştirak edəcəyi “əsl sülh” konfransının keçirilməsinin tərəfdarıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin hakimiyyətinin İsveçrədəki konfransa öz nümayəndələrini göndərməmək qərarına görə Vanq Yiyə minnətdarlığını bildirib. İyunun 5-də Vanq Yi Çin və Braziliyanın planının 26 ölkə tərəfindən dəstəkləndiyini bildirib. Həmin gün Ukrayna Xarici İşlər Nazirliyi iki ölkənin təkliflərini rədd edib. "Reuters"in məlumatına görə, hazırda onu 45 dövlət dəstəkləyir.

İsveçrə konfransı 15-16 iyun tarixlərində baş tutacaq. Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişənin həlli ilə bağlı təklif etdiyi planın bir hissəsinin müzakirəsi planlaşdırılır. Konfransa ilkin olaraq 160 ölkə dəvət olunmuşdu. Rusiya dəvət almayıb.

Samir

0